Qapalı sahə

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Qapalı sahə
Qapalı sahə dedikdə – müəyyən bir şəxsə tapşırılmış işi görməsi üçün kifayət qədər böyük olan, lakin məhdud giriş-çıxışa malik, əlverişsiz təbii ventilyası olan və uzun müddət qalmaq üçün nəzərdə tutulmayan qapalı və ya qismən qapalı sahələr nəzərdə tutulur.

Qapalı sahəyə nümunələr:
• böyük boru kəmərləri
• çənlər
• tutumlar
• separatorlar
• keçidlər
• kollektorlar
• şurflar
• bacalar

Eyni zamanda tərifə çirkləndiricilərin təhlükəli səviyyədə toplaşa bildiyi və ventilyasiyanın məhdud olduğu və aşağıdakıları əhatə edə bilən hər hansı bir sahə də daxildir:
• qazılmış çalalar (adətən 1,2 metrdən dərin)
• ağzı açıq çənlər
• bağlı və ya ventilyasiya olunmayan otaqlar
• çirkab quyuları və suburaxma boruları
• pis ventilyasiya olunan hər hansı bir digər sahə

Qapalı sahə ilə bağlı təhlükələr:
• hidrogen sulfid (H2S), benzol və karbohidrogen qazları kimi təhlükəli konsentrasiyalardakı zəhərləyici maddələr
• yanğın və ya partlayış potensialına malik alışan qazlar, buxarlar və məhlullar; aşağı partlayış həddi (APH) 10%-dən çox və ya qaynaq işi tələb olunduğu halda 0% (APH)
• Qapalı sahədə qaynaq, kəsmə, fırça və ya püskürtmə vasitəsilə rəngləmə, yapışqan və həlledici maddələrdən istifadə edilməsi kimi görülən işlərlə əlaqədar yaranan qaz, buxar və ya tüstülər
• boğulma ilə nəticələnən oksigenin olmaması və ya çatışmazlığı (19,5%-dən az həcmdə oksigen olan hava oksigen çatışmayan hava hesab olunur).
• oksigenlə zənginləşdirilmiş hava (oksigenin miqdarı 23%-dən artıq)
• elektrik şoku və ya portativ işıqlar, alətlər və ya əlaqədar elektrik avadanlıqlarından od tutan alışan qazlar
• qeyri-adekvat şəkildə hərəkətə gətirilən qarışdırıcı cihazlar, konveyerlər və s. kimi mexaniki avadanlıqlardan alınan xəsarət
• aşındırcı və ya qıcıqlandırıcı maddələrlə birbaşa təmas
• keçidlər, borular və s. vasitəsilə digər sahələrdən daxil olan çirkləndiricilər
• pirosulfit ehtiyatları
• statik elektrik enerjisindən alışma
• ionlaşdırıcı şualanma mənbələri (məs: səviyyəölçənlər, Təbii halda rast gəlinən radioaktiv materiallar)
• kommunikasiya problemləri daxil olmaqla Təhlükəsizliklə bağlı ümumi Təhlükələr və aşağıda qeyd olunanlar kimi fiziki təhlükələr:
o normadan artıq temperatur, səs-küy, vibrasiya, düşən obyektlər, qeyri-müvafiq görünmə dərəcəsi və s.
o qazılmış çalaların üçma ehtimalı.

Qapalı sahədə iş yüksək riskli iş olduğuna görə, məsləhət görülür ki, qapalı sahədə iş görməkdən çəkinəsiniz. Tapşırılmış işi qapalı sahəyə daxil olmadan yerinə yetirmək olar. Praktiki cəhətdən mümkün olmadığı təqdirdə səriştəli şəxs tərəfindən riskin qiymətləndirilməsi aparılmalı, təhlükəsiz iş sistemləri inkişaf etdirilməli, İşin İcrasına İcazə sənədi tərtib olunmalı, fövqəladə hallara reaksiya və təxliyyə planı hazırlanmalıdır.

Nəzarət tədbirləri görən zaman aşağıdakılar nəzərə alınmalıdır:
• Qapalı sahədə işləyənlər səriştəli olmalı
• Tibbi cəhətdən sağlam olmalıdırlar
• Tapşırıq barəsində ətraflı məlumat verilməlidir işçilərə
• İşçilərin bədən ölçüləri nəzərə alınmalıdır
• FMV
• Müxtəlif səviyyələrdə qaz testi edilməlidir
• Ehtiyyac olduğu təqdirdə əlavə ventilyasiya təmin olunmalıdır
• Elketrik və mexaniki təcridetmə yerinə yetirilməlidir
• İşqılanma təmin olunmalıdır
• Təhlükəsiz giriş-çıxış təmin olunmalıdır
• Qapalı sahə qarşısında hər hansı maneə olmamalıdır
• Yanğın əleyhinə avadanlıqlar təmin olunmalıdır
• Xilasetmə planı tərtib edilməli və xilasetmə qrupuna iş barəsində məlumat verilməlidir
• İş barəsində əvvəlcədən həkimə məlumat vverilməli
• Müşayətçi şəxs təyin olunmalıdır
• Düzgün rabitə əlaqəsi qurulmalı

Müşayətçi şəxsin əsas vəzifələri:
• sahədəki bütün şəxslərin dəqiq sayını aşağıdakı yollarla müəyyənləşdirib bilməlidir:
• qapalı sahəyə girən və çıxan bütün şəxslərin adı, giriş və çıxış vaxtları yazılan etiketlər lövhəsi saxlamalıdir;
• problem yarandığı halda çənin içində olan hər bir şəxsin yerinin dəqiq müəyyənləşdirilməsinin
• təmin edilməsi üçün bu etiket lövhələrində hava xətləri və/və ya təhlükəsizlik xətləri də qeyd edilməlidir.
• təhlükənin növü, əlamətləri və simptomları də daxil olmaqla qapalı sahəyə giriş zamanı üzləşilə biləcək təhlükələrdən xəbərdar olmalıdır
• qapalı sahəyə girən şəxslər üçün həmin sahənin təhlükəsiz olub olmamasının müəyyənləşdirilməsi üçün həmin sahədə və həmin sahədən kənarda işlərə və şəraitə nəzarət etməlidir
• qapalı sahəyə giriş əməliyyatları zamanı digər bir müşahidəçi şəxs qapalı sahədən çıxınca qapalı sahədən kənarda qalmalıdır
• qapalı sahəyə giriş zamanı giriş üçün icazə verilmiş şəxslərlə effektli və fasiləsiz əlaqə saxlamalıdır
• qapalı sahəyə giriş üçün icazə verilmiş şəxslərə qapalı sahəni dərhal tərk etmək üçün aşağıdakı hallarda əmr verməlidir:
• icazə verilməyən bir vəziyyət müşahidə olunursa
• təhlükəyə məruz qalmaq təhlükəsinin hərəkətlərə təsirini aşkar edilirsə
• qapalı sahədən kənarda qapalı sahəyə girən şəxslərin həyatı üçün təhlükə törədə biləcək bir vəziyyət yaranırsa
• qapalı sahədə nəzarət olunmayan bir təhlükə aşkar edilirsə
• müşahidəçi iş yerini tərk etməlidirsə
• fövqəladə hallarda xilasetmə və digər qəza xidmətlərini çağırmalıdır
• qapalı sahəyə giriş həyata keçirilən zaman həmin sahəyə səlahiyyətsiz şəxslər yaxınlaşdıqda və ya girdikdə lazımi tədbirlər görməlidir.

Xilasetmə qrupu
Xilasetmə Qrupu Müşahidəçi şəxsin və ya qapalı sahədən xilas olmaq üçün xilasetmə işinə ehtiyac hiss edən digər şəxsin xilasetmə ilə bağlı çağırışlarına dərhal cavab verməlidir.
Xilasetmə Qrupu təyin edilmiş xilasetmə funksiyalarının yerinə yetirilməsi üçün hazırlıq kursu keçməlidir. Xüsusən də Xilasetmə Qrupunun üzvləri tənəffüs aparatı da daxil olmaqla fərdi qoruyucu və xilasetmə avadanlıqlarından müvafiq qaydada istifadə edə bilmək üçün hazırlıq keçməlidirlər. Eyni zamanda Xilasetmə Qrupunun ən azı bir üzvü ilk tibbi yardım göstərmə və ürək-ciyər sistemini reanimasiya sahəsində hazırlıq kursu keçərək təsdiqlənir.
Qeyd: Qapalı sahəyə girişlə bağlı təhlükələrlə tanış olan səriştəli bir şəxs tərəfindən hazırlanmadığı və müşahidə olunmadığı halda heç bir təzə personala qapalı sahəyə girişlə əlaqədar işlər tapşırılmır.

Xilasetmə planı
Tərtib olunan Xilasetmə planında ən azı aşağıdakılar əhatə edilməlidir:
• qapalı sahə ilə bağlı təhlükələrin qiymətləndirilməsi
• gaz yoxlayan/gaza nəzarət edən avadanlıq
• xilasetmə işini yerinə yetirmək üçün tələb olunan personal
• qapalı sahədə olarkən görülməli bütün tədbirlər
• personal üçün tələb olunan qoruyucu avadanlıqlar
• lazım olan xilasetmə avadanlıqları
• tələb olunan alətlər və digər xüsusi avadanlıqlar.

FMV
Giriş Sertifikatı ilə Nəzarət olunan Qapalı Sahələrə girən zaman müvafiq fərdi qorunma avadanlıqlarını, məs: baş, ayaq, əl, göz, qulaq, sifət, bədən və tənəffüs orqanlarının qorunması üçün avadanlıqları geyinmək lazımdır.
Qapalı sahəyə girən zaman həmin sahəyə girən şəxslərin hamısı bütün bədənə bağlanan və xilasetmə kəndirinə bərkidilən təhlükəsizlik kəmərindən istifadə etməlidir.

Tənəffüs orqanlarının qorunması
Çirkləndirici maddələrin növündən və konsentrasiyasından asılı olaraq tənəffüs orqanlarının qorunması üçün avadanlıqlar sadə respiratordan tutmuş hava ilə təchiz edilən tənəffüs avadanlıqlarına qədər fərqlənə bilər.
Havada olan çirkləndiricilərin səviyyəsi respiratorun süzgəcdən keçirmə qabiliyyətindən artıq olduqda və ya oksigen çatışmadıqda tənəffüs aparatından istifadə edilməlidir.

Təhlükəsizlik işarələri
İş yerlərində qapalı sahə kimi təyin olunan yerlərin bütün personla tərəfindən tanınması üçün onların üzəri müvafiq formada işarə ilə təmin olunmalıdır. Misal üçün: “QAPALI SAHƏ, TƏHLÜKƏ”, “DAXİL OLMAQ QADAĞANDIR!”

Oksigenin miqdarı
Qapalı sahələrdə oksigenin miqdarından asılı olaraq aşağıdakı təhlükələr mövcuddur:
• 19,5% – Oksigenin qəbul olunan aşağı həddi
• 15-19% – İş qabiliyyətinin azalması, ilkin simptomlar
• 12-14% – Sürətli tənəffüs, qərar qəbule tməkdə çətinlik
• 10-12% – Sürətli tənəffüs, dodaqların göyərməsi
• 8-10% – Mental problemlər, huşun itməsi, ürəkbulanma, qusma
• 6-8% – 8 dəqiqədə ölüm, 6 dəqiqədə 50% ölüm, 4-5 dəqiqədə həyata qaytarmaq mümkündür
• 4-6% – 40 saniyə ərzində koma və ölüm