Fərdi Mühafizə Vasitələri (FMV)

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

FMV-dən danışmazdan öncə ümumi nəzarət iyerxiyasına diqqət etsəniz daha yaxşı olar:
1. Təhlükənin aradan qaldırılması
2. Təhlükənin daha az təhlükə ilə əvəz edilməsi
3. Texniki tədbir və ya mühəndislik yanaşması
4. İnzibati tədbirlər
5. Fərdi Mühafizə Vasitəsi

Qeyd: müxtəlif mənbələrdə müxtəlif iyerarxiya ilə rastlaşa bilərsiniz.

Təhlükələrin nəzarətdə saxlanması zamanı iyerarxiyadakı ən üst üsullardan sitifadə məsləhətdir. Lakin, bəzən elə olur ki, yuxarıda adları qeyd olunan nəzarət tədbirləri praktiki mümkün olmur. Bu zaman FMV əhəmiyyəti önə çıxır. 5-ci nəzaərt tədbirinin özünü doğrultması üçün tələb olunan FMV-nin təmin olunması, istifadəsi və düzgün şəkildə saxlanması şərtdir.

Hansı işi görməyinizdən asılı olmayaraq tapşırığın xarakterinə uyğun FMV istifadəsinə ehtiyyac yaranır. FMV işçinin şəxsi sağlamlıq və təhlükəsizliyinin qorunması üçün əla vasitədir.

FMV-nin növləri:
– Başın mühafizəsi üçün
– Ayaqların mühafizəsi üçün
– Üz və gözlərin mühafizəsi üçün
– Əl və qolların mühafizəsi üçün
– Bədənin mühafizəsi üçün
– Qulaqların mühafizəsi üçün

Qulaqcıqlar (ear plug, ear muffs) – Yüksək səs-küylü yerlərdə işləyərkən eşitmə qabiliyyətinin itirilməsinin qarşısını alır. İstifadə üçün çox rahatdırlar və qulaqları sıxmır. Heç vaxt çirkli qulaqcıqlardan istifadə etməyin və ya çirkli əl ilə qulaqcılara müdaxilə etməyin.
Qulaqlıqlar (headphones) – Yüksək səs-küylü yerlədrə işləyərkən ikiqat müdafiyə üçün effektli vasitədir. Həm qulaqcıq, həm də iri qulaqlıqlardan istifadə etməzdən öncə onların zəif və müsbət tərəfləri qiymətləndirilməsinə ehtiyyac var.
Təhlükəsizlik eynəkləri – Gözləri sıçrayan cismlərdən, tozlardan, tullantılardan, qığılcımdan, kimyəvi və digər təhlükələrdən qoruyur.
Əlcəklər – Əlləri kimyəvi təsirlərdən, kobud və ya iti hissələrdən və s-dən qoruyur. İşin xarakterindən asılı olaraq müxtəlif tip əlcəklər təsnifləşdirilir. Misal üçün, neft-yağ məhsulları ilə işləmək üçün, kimyəvi maddələrlə ilə işləmək üçün, müxtəlif texniki xidmət işləri və yükqaldırma əməliyyatları zamanı istifadə olunan əlcəklər…
Respiratorlar – İşçini müxtəlif tip tozlardan, tüstüdən, qazdan və digər sağlamlıqla bağlı təhlükələrdən müdafiə edir. Burada müzakirə edilməli məsələlərdən biri budur ki, konkret tip toz üçün nəzərdə tutulmuş sadə respiratorlar əksər vaxt digər təhlükəli yerlərdə də istifadə olunur. Misal üçün: tənəffüs aparatı əvəzi, boya işləri görən zaman və s.
Dəbilqə (kaska) – Hər hansı struktur, obyektlə toqquşma zamanı başın zərbədən və ya düşən əşyadan mühafizəsi üçün nəzərdə tutulub.
Təhlükəsizlik ayaqqabısı və çəkmələri (shoes, boots) – ağır əşyaların ayağın üzərinə düşməsi zamanı xəsarət alma halını istisna edir və ya xəsarətin dərəcəsini minimallaşdırır. Qoruyucu çəkmənin ön tərəfi (ayaq barmaqları hissəsi) metal səthlə örtülüdür.
Qoryucu geyim – müxtəlif təyinatlı ola bilər. İsti və ya soyuq mühitlərdə iş üçün, kimyəvilər ilə iş üçün və s. Minimum FMV-nə daxil olan adi yuniformalar isə hər hansı çirklənmədən, yad təsirlərdən, iqlim şəraitindən (yay – qış geyimi), alovda (yanğına davamlı) və s.dən qoruyur.
Əlcəklər – təyinatına görə müxtəlif növləri var və müxtəlif təhlükələrdən mühafizə edir. Misal üçün: Kəskin istiyə davamlı, kimyəvilər ilə iş üçün, elektrik işləri üçün, iti əşyalarla iş üçün, yükqoşma işləri üçün və s.
Təhlükəsizlik kəməri – Hündürlükdə işləyən zamanı yıxılmanın məsafəsini və nəticəni minimallaşdıran bir avadanlıqdır.

FMV niyə görə vacibdir?
İşlə bağlı təhlükəsizlik tədbirlərini yerinə yetirərkən nəzarət iyerarxiyasındakı ən üst faktorlar müəyyən olunmalıdır. Lakin, bəzən müəyyən təhlükəsizlik tədbirlərini gördükdən sonra, hələ də müyyən mənada riks qalmış olur. FMV-dən məhz qalıq riskinin minimallaşdırılması kimi istifadə olunur, hansı ki, xəsarət dəyə bilər:
– Təhlükəli maddələrin olduğu havanın tənəffüs edilməsi – ciyərlərə
– Sıçrayan cismlərin yarandığı fəaliyyət zamanı – gözlərə və s.

FMV ilə bağlı əsas məqamlardan biri onun düzgün seçilməsidir. FMV işin xarakterinə uyğun olmalıdır. Seçilməzdən əvvəl hansı sahə və iş üçün seçilirsə, bu zaman təhlüklərin qiymətləndirilməsi həyata keçirilməlidir. FMV hər bir işçinin bədən ölçüsünə uyğun olmalıdır. FMV işçi üçün rahat olmalı və onun işini çətiiinləşdirməməlidir. FMV digər FMV-lər ilə bərabər istifadə olunabilən olmalıdır (bəzi vaxtlar bu mümkün olmaya bilər). FMV işçi üçün elə rahat və uyğun olmalıdır ki, işçini ondan istifadəyə həvəsləndirməlidir, nəinki laqeydliyə səbəb olsun…

FMV-nin təmin olunması başqa məsələ, ondan düzgün istifadə olunması isə başqa bir məsələdir. Buna görə də, işəgötürənin üzərindəki öhdəliklərdən biri də işçilərə müxtəlif növ FMV-dən düzgün istifadə və saxlanma ilə bağlı təlimat təlimat verməli, eyni zamanda onların düzgün, təmiz saxlanması üçün yer təmin etməli və bütün bu prosesə nəzarət etməlidir.

YENİ

Fərdi Mühafizə Vasitələri geyiləbilən mühafizə tədbirləri olub, baş vermiş hadisə nəticəsində işçiyə dəyəcək zərərin minimallaşdırılmasını nəzərdə tutur. FMV-i nəzarət tədbirləri iyerarxiyası zincirinin 5-ci və son halqası hesab edilir. Nəzarət tədbirləri iyerarxiyasının daha yuxarı mərtəbələri ilə riskin azaldılması daha məqsədə uyğun olsa da, risk heç bir halda sıfırlana bilmədiyindən, baş verə biləcək hadisələrin nəticəsini minimallaşdırmaq üçün, FMV vasitələrinin digər tədbirlərlə birlikdə effektiv istifadəsi mütləqdir.

Əməyin Mühafizəsi üzrə Azərbaycan Respublikasının 313 nömrəli Qanununun 11-ci maddəsinə əsasən FMV-in təmin edilməsi, işəgötürəni  işçilər qarşısındakı öhdəliklərdən biridir. İş fəaliyyətindən öncə FMV-i ilə bağlı qaydalar rəhbərlik tərəfindən müəyyənləşdirilməli və bu tələblər işçilərə çatdırılmalıdır. FMV vasitələrinin düzgün istifadə edilməməsi riski azaltmamaqla yanaşı, əlavə təhlükələr yaradır. FMV vasitələrinin risklərin azaldılmasında effektiv olması üçün aşağıda göstərilmiş şərtlər nəzərə alınmalıdır.

  1. Düzgün FMV vasitələrinin seçilməsi (növü, ölçüsü və s);
  2. FMV vasitələrinin düzgün istifadəsi;
  3. FMV vasitələrinə düzgün qulluq olunması.

Amerikan Əmək Statistikası Bürosunun FMV fasitələri ilə bağlı etdiyi araşdırma müddətində baş vermiş hadisələrlə bağlı aşağıdakı nəticələr əldə edilmişdir.

  • Baş nahiyəsinin yaralanması ilə nəticələnən hadisələrin sadəcə 16 faizində dəbilqədən istifadə edilib;
  • Üz nahiyəsinin yaralanması ilə nəticələnən hadisələrin sadəcə 1 faizində müvafiq qoruyucu vasitədən istifadə edilib;
  • Ayaq yaralanmaları ilə nəticələnən hadisələrin sadəcə 23 faizində uyğun ayaqqabılardan istifadə edilib;
  • Göz yaralanması ilə nəticələnən hadisələrin sadəcə 40 faizində müvafiq göz qoruyucu vasitədən istifadə edilib;

 

İş fəaliyyətindən asılı olmayaraq hər bir işçi minimal olaraq aşağıdakı FMV vasitələrindən istifadə etməlidir.

  • Bütün bədənin mühafizəsi
  • Başın mühafizəsi üçün
  • Ayaqların mühafizəsi üçün
  • Gözlərin və üzün mühafizəsi üçün
  • Əl və qolların mühafizəsi üçün
  • Qulaqların mühafizəsi üçün

 

Əlavə olaraq, görülən işin növünə uyğun xüsusi FMV vasitələrinə ehtiyac ola bilər (Məs: təhlükəsizlik kəmərləri, respiratorlara və s. ).

 

Bütün Bədənin Mühafizəsi

Yanğınla bağlı riskə məruz qalmaq təhlükəsi yarandıqda yanğından qorunmaq üçün kombinezon geyinmək lazımdır. Karbohidrogen emalı mühitində işləyən operatorlar və texniklər üçün oda davamlı ənənəvi kombinezonlar müəyyənləşdirilmişdir. Yanğın riski xeyli dərəcədə aşağı olan iş mühitində çalışan operatorlar və başqaları üçün gec alışan kombinezonlar məqbul hesab edilə bilər. Yanğınla bağlı risklərin az və ya tamamilə olmadığı iş mühitində 100% pambıq kombinezonlardan istifadə edilməlidir. Bədənin mühafizəsi üçün istifadə edilən geyimlərdə əksetdirici zolaqların olması mütləqdir.

 

Başın Mühafizəsi

Aşağıda göstərilmiş hallarda işçilər təhlükəsizlik dəbilqələri taxmalıdır. Bərk külək əsəndə və yüksəklikdə iş zamanı çənəaltı qayışlardan istifadə etmək zəruridir.

  • Tikinti işləri yerinə yetirəndə,
  • Baş üzərində təhlükələr olan və ya ehtimal olunan yerlərdə,
  • Göstərilən yerlərdən kənarda sökmə və torpaq işləri yerinə yetirilərkən və ya baş üzərində işlər görülərkən.

Ümumi təyinatlı dəbilqələr EN 397 standartının texniki tələblərinə cavab verməlidir və plastik materialdan hazırlanmalıdır, həmçinin çənəaltı qayışlara malik olmalıdır. Alliminium və metal dəbilqələrdən istifadə edilməsinə heç bir halda icazə verilmir. Dəbilqələrin taxılması məqsədə uyğun hesab edilməyən qapalı sahələrdə başı zərbələrdən qoruyan digər başı mühafizə edən vasitələrindən istifadə edilməsinə icazə verilir.

 

Ayaqların Mühafizəsi

Göstərilən zonalarda həmişə təsdiq olunmuş təhlükəsizlik çəkmələrindən istifadə edilməlidir. Aşagıdakı sahələrdə bütün işlər yerinə yetirilərkən polad ucluqlu boğazlı çəkmələrdən istifadə olunmalıdır:

  • İstehsalat sahələrində
  • Terminallarda
  • Tikinti – inşaat sahələrində
  • Düşən və ya diyirlənən əşyalardan, və ya iti əşyaların üstünə çıxmaqdan ayaqlara xəsarət törənə biləcəyi yerlərdə.

Ümumi təyinatlı boğazlı çəkmələr BS EN 20345 standartının texniki tələblərinə cavab verməlidir. Qazma qurğuları üçün nəzərdə tutulmuş boğazlı çəkmələrdən ümumi təyinatlı işləri yerinə yetirərkən istifadə olunmalıdır. Layihənin rəhbərliyi sənayedə istifadə olunan digər növ mühafizə çəkmələrindən istifadə olunmasına icazə verə bilər.

Kimyəvi maddələrə davamlı boğazlı çəkmələr BS EN 943 standartının texniki tələblərinə cavab verməlidir.

Boğazlı çəkmələrin altlıqları yaş və yağlı səthlərdə sürüşməni azaltmalıdır. Çöl tərəfdən polad ucluğu olan boğazlı çəkmələrdən istifadə olunmamalıdır. Zədə nəticəsində boğazlı çəkmələrin polad ucluğu görünərsə və ya altlığı sürtünərək hamarlaşarsa onlar əvəz edilməlidir.

İş çəkmələri sürüşməyə qarşı müqavimətli olmalıdır.

Aşağıda göstərilən kodlar üzərində göstərilmiş ayaqqabılar müvafiq testdən keçmişdir:

  • SRA – Üzərinə sabunlu məhlul tökülmüş ceramik döşəmədə test olunmuşdur;
  • SRB – Qliserinli metal səthdə test olunmuşdur;
  • SRC – Üstdə göstərilmiş hər iki hal üçün test olunmuşdur.

 

Gözlərin və Üzün Mühafizəsi

Yaşayış və ofis binalarından kənarda bütün istehsalat və inşaat obyektlərində gözləri mühafizə edən vasitələrdən istifadə olunmalıdır və onlar BS EN 166 standartının tələblərinə cavab verməlidir. Gözləri və üzü mühafizə edən vasitələr aşağıdakılardır:

Eynəklər: Minimal mühafizə üçün istifadə edilir.

Qoruyucu Gözlüklər: Qoruyucu gözlüklər gözləri və gözətrafı dərini kimyəvi maddələrin sıçrantılarından tam mühafizə etmək üçün istifadə olunmalıdır.

Üzün mühafizəsi üçün lövhəciklər: Üzün mühafizəsi üçün lövhəciklərdən üzü qığılcımlardan və qəlpələrdən qorumaq üçün istifadə edilməlidir.

Əlavə olaraq qaynaq işləri zamanı işçinin gözlərini qaynaq qövsündən yaranan şüalardan qorumaq üçün EN 175 standartına cavab verən qaynaq maskasından istifadə etməsi vacibdir. Bu maska gözlə yanaşı bütün üzü şüalardan və sıçrantılardan qorumalıdır.

Əllərin Mühafizəsi.

Əllərin mühafizəsi EN 420 standartına uyğun gəlməlidir.  Ümumi təyinatlı əlcəklərdən yalnız əlləri qızdırmaq və sağlamlıq və təhlükəsizlik baxımından minimal risqlərdən (məsələn, kəsik və sıyrıntılırdan mühafizə etmək, bəzi mayelərə müqavimət göstərmək və əşyaları yaxşı tuta bilmə imkanı təmin etmək) qorumaq üçün istifadə olunmalıdır. Dərini qıcıqlandıra biləcək kobud, kələ-kötür materiallarla və maddələrlə iş görərkən, əlcəklərdən istifadə etmək bir çox zədələrin qarşısını alır və mümkün olan hər bir halda əlcəklərdən istifadə olunmalıdır. Təsdiq olunmuş mühafizə əlcəklərindən müəyyən növ təsirlərdən qorunmaq üçün istifadə olunmalıdır, xüsusilə:

  • Kimyəvi maddələrlə işləyərkən: Kimyəvi maddələrlə işləyərkən, həmin maddələrin dəri ilə kontakta girməməsi üçün diqqətli və ehtiyatlı olmaq lazımdır. Turşu / qələvilərlə işləyərkən kimyəvi maddələrin təsirindən qoruyan (PVC) əlcəklərdən istifadə olunmalıdır (EN 374).
  • Elektrik avadanlıqları ilə işləyərkən: Elektrik avadanlıqları ilə işləyərkən elektrik cərəyanının təsirindən qoruyan əlcəklərdən istifadə olunmalıdır. Bu əlcəklər BS EN 60903 standartına uyğun olmalıdır.
  • Qaynaq işlərini yerinə yetirərkən istiyədavamlı əlcəklərdən istifadə olunmalıdır və onlar EN 407 standartının tələblərinə cavab verməlidir. Borular və metal məmulatlarla işləyərkən EN 388 standartının tələblərinə uyğun gələn dəri əlcəklərdən istifadə olunmalıdır.

Eşitmə Orqanlarının Mühafizəsi

Bərk və davamlı səs-küyün təsirindən eşitmə orqanlarına toxunacaq xəsarətin qarşısını almaq üçün səs-küyün səviyyəsi praktik cəhətdən mümkün qədər aşağı salınmalıdır. Praktik cəhətdən mümkün olmayan yerlərdə eşitmə orqanlarının mühafizəsi üçün müvafiq vasitələr təmin olunmalıdır. Səs-küy aşağıda göstərilən səs-küyün ölçügötürmə səviyyələrindən artıq olduqda eşitmə orqanlarının mühafizə vasitələridən istifadə olunmalıdır:

85 dB(A) 8-saatlıq növbə zamanı;

83 dB(A) 12- saatlıq növbə zamanı.

Eşitmə orqanlarını mühafizə etmək üçün iki əsas vasitə vardır: qulaqlar üçün tıxaclar və qulaqlıqlar. Eşitmə orqanlarının qorunması üçü istifadə edilən tıxaclar və qulaqlıqlar BS EN 352-1 standartına cavab verməlidir.

Qulaqlar üçün tıxaclar

Bir dəfəlik qulaq tıxaclarını barmaqlar arasında sıxaraq hər qulağa taxmaq lazımdır və bu zaman qulaq seyvanı yuxarı dartılmaqla qulaq kanalı düzləşdirilməlidir. Nəticədə tıxaclar genəlir və qulaq kanalının formasında yerində kipləşir. Qulaq tıxacları, ehtimal ki, xarici qulaq xəstəliyindən əziyyət çəkən adamlar üçün yararlı ola bilməz. Əgər işçinin qulaq kanalı xəstəliyi və ya qulaq kanalı qıcıqlanması varsa, onda o, eşitmə orqanlarının başqa növ mühafizə vasitələrindən istifadə etmək üçün həkim məsləhəti almalıdır.

Qulaqlıqlar

Qulaqlıqlar xarici qulaq üzərinə taxılan sərt qapaqlardan ibarət olub, boyuna taxılmış yay və ya başa taxılmış tutqac vasitəsilə yerində saxlanır. Qoruyucu dəbilqələrə bərkidilə bilən və lazım olmadıqda kənar edilə bilən qulaqlıqlar da mövcuddur.

Tənəffüs orqanlarının mühafizəsi

Tənəffüs orqanlarının mühafizəsi avadanlığının iki növü mövcuddur:

  • Havanı təmizləyib ötürən filtrli respitatorlar
  • Havanı çirklənməmiş mənbələrdən təmin edən tənəffüs aparatı.

Yüksəklikdə iş zamanı mühafizə

“Hündürlükdə İş Zamanı Texniki Təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbinə uyğun olaraq işəgötürən texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirməlidir. Bu tədbirlərən biridə, kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməkdir. İşçi hündürlükdən yıxılmağa məruz qaldığı təqdirdə, o, yıxılma hadisəsi baş verərsə, xəsarət alma ehtimalının azaldılması üçün nəzərdə tutulmuş yıxılmadan mühafizə avadanlığından istifadə etməlidir. Təhlükəsizlik kəmərləri, çatılar və troslar aşağıdakı şəraitdə işləyən personal tərəfindən istifadə olunmalıdır:

  • Yer səviyyəsindən hündürlükdə,
  • Bortdan kənarda,
  • Açıq çalaların yaxınlığında və ya qapalı sahənin içində.

Yıxılmadan mühafizə avadanlığı BS EN 361 standartının tələblərinə cavab verməlidir.

Ətalət sarğıları və yıxılmadan mühafizə blokları EN 360 standartının tələblərinə cavab verməlidir.

Müəssisə daxilində fəaliyyət göstərən işçilərlə yanaşı, heç bir iş fəaliyyəti olmayan müsafirlər də FMV vasitələrindən istifadə etməlidir. Müsafirlər üçün minimal FMV vasitələri aşağıdakılardır.

  • Dəbilqə;
  • Qoruyucu eynəklər;
  • Təhlükəsizlik çəkmələri ;
  • Əks etdirici jilet;
  • Lazım gələrsə, eşitmə orqanlarını mühafizə edən vasitələr, əlcəklər və kombinezonlar kimi əlavə təhlükəsizlik vasitələri.

İş fəaliyyəti zamanı FMV-i ilə bağlı işverən və işçinin qarşılıqlı öhdəlikləri vardır. İşverən yuxarıda sadalanan şərtlərə əməl edərək işçiləri sağlam və standarta uyğun FMV vasitələri ilə təmin etməli və həmin vasitələrdən düzgün istifadə qaydalarını işçilərə öyrətməlidir. Eyni zamanda hər bir işçi, onun üçün ayrılmış FMV vasitələrindən düzgün istifadə və həmin FMV vasitələrinə düzgün qulluq etməlidir. Hər bir müəssisədə, FMV ilə bağlı qaydalar açıq şəkildə tərtib edilməli və həmin qaydalara riayət edilməsinə ciddi nəzarət mexanizmi (həvəsləndirici mükafatlar vəya intizam tədbirləri) olmalıdır.

Unutmamaq lazımdır ki, fərdi mühafizə vasitələri, hadisənin baş vermə ehtimalını azaltmır, o sadəcə ondan istifadə edən şəxsi müəyyən dərəcədə qoruyur və riskin nəticəsinə təsir edir. Həmişə xatırlayın ki, FMV qırıla bilməyən deyil…