Mövzu kateqoriyası: Ətraf mühitin mühafizəsi

  • 14 aprel – Dünya Delfinlər Günü

    14 aprel – Dünya Delfinlər Günü

    Delfinlər dişli balinalar qrupundan məməli heyvanlardır.
    Bütün məməlilər kimi istiqanlıdırlar.

    Havanın oksigeni ilə tənəffüs edər, doğuraraq törəyər və balalarını südləri ilə bəsləyərlər. Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdir. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dışı delfin adətən uzunluğu 50-60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Delfinlər gec böyüyürlər. Onlar 20-30 ilə qədər yaşayırlar.

    Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir.
    Yəni insan necə yeriməyə qərar verirsə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir.Delfin yatdıqda beyinin sağ və sol yarımkürələrini təqribə 15 dəqiqə fasilə ilə işlədirlər.

    Delfinlərin 40-a yaxın növləri vardır. Çoxu dənizlərdə, şirin su göllərdə və çaylarda yaşayarlar. Delfinlər, əvvəl suda yaşamayıblar.
    60 milyon il əvvəl delfinlərin əcdadları quruda yaşayıblar.
    Hər növ delfinlər ağıllı və sevimlidirlər. Həmişə gülürmüş kimi görsənirlər, ancaq bu onların ağız quruluşundan irəli gəlir.
    Delfinlərin atlayışları onların daha sürətli hərəkətlərini təmin edir və oların həyatlarına əyləncə qatır. Bu heyvanlar müəyyən səs çıxardaraq öz aralarında ünsiyyət qururlar.

    Çox təssüf ki, digər heyvanlar kimi, su hövzələrinin çirkləndirilməsi delfinlərə də təsir edir.

  • «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun

    «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə qanun

    «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə

    Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    I. «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» 2003-cü il noyabrın 4-də Tehran şəhərində imzalanmış Çərçivə Konvensiyası təsdiq edilsin.

    II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Prezidenti

    İlham ƏLİYEV

    Bakı şəhəri, 4 aprel 2006-cı il

    89-IIIQ

    «Azərbaycan» qəzetində dərc edilmişdir (18 aprel 2006-cı il, № 83)

    Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında
    Çərçivə Konvensiyası

    Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılacaq Xəzəryanı dövlətlər:

    Azərbaycan Respublikası

    İran İslam Respublikası

    Qazaxıstan Respublikası

    Rusiya Federasiyası

    Türkmənistan

    Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində, həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli, təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsi nəticəsində pisləşməsini qeyd edərək;

    Xəzər dənizinin bioloji ehtiyatlarını indiki və gələcək nəsillər üçün qorumaqda qətiyyətli olduqlarını göstərərək;

    quruda həyata keçirilən fəaliyyətin Xəzər dənizinin dəniz ətraf mühitinə ziyan vurmamasının təmin edilməsi zərurətini etiraf edərək;

    Xəzər dənizinin səviyyəsinin dəyişməsi probleminin dəniz ətraf mühiti və onun səciyyəvi hidroqrafik və ekoloji xüsusiyyətləri üçün təhlükə törətdiyini dərk edərək;

    Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsinin əhəmiyyətini bir daha təsdiq edərək;

    Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması və mühafizəsi məqsədilə Razılığa gələn Tərəflərin öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini etiraf edərək;

    aşağıdakılar barədə razılığa gəldilər:

    I. Ümumi müddəalar

    Maddə 1.Terminlərdən istifadə

    Bu Konvensiyanın məqsədləri üçün aşağıdakı terminlərdən istifadə ediləcəkdir:

    «Fəaliyyət planı» — Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və davamlı inkişafı üzrə fəaliyyət planı;

    «Tullantı» — dəniz ətraf mühitinə Xəzər dənizindəki gəmilərdən, uçan aparatlardan, platformalardan, yaxud digər süni qurğulardan tullantı və ya digər materialların qəsdən atılması və yaxud gəmilərin, uçan aparatların, platformaların və digər süni qurğuların Xəzər dənizində qəsdən batırılması;

    «Təhlükəli maddə» — xüsusilə dayanıqlı olduqda toksik, kanserogen, mutagen, teratogen, yaxud bioakkumulyativ maddə;

    «Milli orqan» — Razılığa gələn hər bir Tərəfin təyin etdiyi və Razılığa gələn Tərəfin bu Konvensiyanın və onun protokollarının yerinə yetirilməsində fəaliyyətini əlaqələndirən orqan;

    «Çirklənmə» — bioloji ehtiyatların və dəniz canlılarının həyatı, insan sağlamlığı üçün təhlükə törədən və ya törədə biləcək və Xəzər dənizinin hüquqauyğun istifadəsinə maneə yaradan və ya yarada biləcək maddələrin, yaxud enerjinin insan tərəfindən birbaşa və ya dolayı yolla dəniz ətraf mühitinə daxil edilməsi;

    «Quruda yerləşən mənbələrdən çirklənmə» — quruda yerləşən bütün nöqtəvi və səpələnmiş mənbələrdən su və ya hava vasitəsilə dənizin çirklənməsi, yaxud bilavasitə sahildən və qurudan tunel, boru kəməri, yaxud başqa bir yolla çirkləndirici maddələrin istənilən yolla dəniz ətraf mühitinə atılması;

    «Fövqəladə ekoloji vəziyyət» — elə bir vəziyyətdir ki, həmin şəraitdə təbii fəlakət və ya antropogen qəzalar nəticəsində Xəzər dənizinin dəniz ətraf mühitinə zərər dəyir və yaxud real çirklənmə və digər zərər təhlükəsi yaranır;

    «Sənaye qəzası» — sənaye müəssisələrində zərərli və təhlükəli maddələrlə bağlı hər hansı fəaliyyətin gedişatında nəzarət edilə bilməyən dəyişikliklər nəticəsində baş vermiş hadisələr, məsələn, həmin maddələrin istehsalı, istifadəsi, saxlanması, yerdəyişməsi, zərərsizləşdirilməsi və ya nəql edilməsi zamanı baş verən hadisələr;

    «Gəmi» — dəniz ətraf mühitində istismar olunan istənilən gəmi növləri, o cümlədən sualtı qanadlı gəmilər, hava yastıqlı gəmilər, sualtı qayıqlar, yedəyə alınmış və mühərrikli üzən vasitələr, habelə dənizdəki platformalar və digər süni qurğular;

    «İnvaziv yad növlər» — meydana gəlməsi və yayılması Xəzər dənizinin ekosisteminə və ya bioloji ehtiyatlarına iqtisadi və ya ekoloji zərər vura biləcək köçmə növlər deməkdir.

    Maddə 2 . Məqsəd

    Bu Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.

    Maddə 3. Tətbiq sahəsi

    Bu Konvensiya, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və quruda yerləşən mənbələrdən çirklənmə nəzərə alınmaqla, onun dəniz ətraf mühitinə tətbiq edilir.

    II. Ümumi öhdəliklər

    Maddə 4. Ümumi öhdəliklər

    Razılığa gələn Tərəflər:

    a) Xəzər dənizinin çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək üçün fərdi və ya birgə bütün zəruri tədbirləri görürlər;

    b) Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpası üçün fərdi və ya birgə zəruri tədbirlər görürlər;

    c) Xəzər dənizinin ehtiyatlarından onun dəniz ətraf mühitinə xələl gətirmədən istifadə edirlər;

    d) bu Konvensiyanın məqsədinə nail olmaq üçün öz aralarında və səlahiyyətli beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.

    Maddə 5. Prinsiplər

    Bu Konvensiyanın məqsədinə nail olmaq və onun müddəalarını yerinə yetirmək üçün Razılığa gələn Tərəflər öz fəaliyyətlərində inter alia aşağıdakıları rəhbər tuturlar:

    a) ehtiyat tədbirlər görmək prinsipini; bu prinsipə əsasən, Xəzər dənizinin ətraf mühitinə ciddi və ya dönməz təhlükə yaranarsa, dəyəcək zərərin qarşısını almaq üçün səmərəli tədbirlərin təxirə salınmasında tam elmi əsasların olmamasına istinad etmək səbəb kimi istifadə edilə bilməz;

    b) «çirkləndirən ödəyir» prinsipini; bu prinsipə əsasən, çirkləndirən çirklənmənin qarşısının alınması, onun azaldılması və ona nəzarət də daxil olmaqla, əlaqədar tədbirlərin görülməsi ilə bağlı xərcləri ödəyir;

    c) Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənməsi barədə məlumatın əldə edilməsi prinsipini; bu prinsipə əsasən Razılığa gələn Tərəflər müvafiq məlumatları bir-birinə tam həcmdə təqdim edirlər.

    Maddə 6. Əməkdaşlıq etmək öhdəliyi

    Razılığa gələn Tərəflər bu Konvensiyanın yerinə yetirilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda əlavə tədbirlər, prosedurlar və standartlar nəzərdə tutan protokolların hazırlanmasında əməkdaşlıq edirlər.

    III. Çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət

    Maddə 7. Quruda yerləşən mənbələrdən çirklənmə

    1. Razılığa gələn Tərəflər Xəzər dənizinin quruda yerləşən mənbələrdən çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək üçün bütün müvafiq tədbirləri görürlər.

    2. Razılığa gələn Tərəflər bu Konvensiyaya Xəzər dənizinin quruda yerləşən mənbələrdən çirklənməsinin qarşısının alınması, azaldılması və ona nəzarət üzrə əlavə tədbirləri nəzərdə tutan əlavə protokolların hazırlanmasında əməkdaşlıq edirlər. Həmin protokollar, o cümlədən aşağıdakı tədbirləri nəzərdə tuta bilər:

    a) aztullantılı və tullantısız texnologiyaların tətbiqi vasitəsilə çirkləndirici maddələrin mənbədə qarşısını almaq, azaltmaq və onlara nəzarət etmək;

    b) çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üçün Razılığa gələn Tərəflərin səlahiyyətli milli orqanları tərəfindən quruda yerləşən nöqtəvi mənbələrdən tullantı sularının axıdılmasının lisenziyalaşdırılması;

    c) tullantı sularının axıdılmasının ekoloji cəhətdən əsaslandırılmış texnologiyanın tətbiq olunmasının təşviqinə əsaslanan lisenziyalaşdırılması;

    d) daxil olan suyun keyfiyyəti, yaxud Xəzər dənizinin təsirə məruz qalmış ekosistemi tələb etdiyi hallarda bu Konvensiyaya əlavə protokollara müvafiq olaraq bu maddənin (b) və (c) yarımbəndlərində nəzərdə tutulmuş tələblərdən daha sərt tələblərin müəyyən edilməsi;

    e) şəhər tullantı sularının müxtəlif təmizləmə növlərinin, o cümlədən zəruri olduqda mərhələlərlə tətbiq edilməsi;

    f) sənaye və kommunal mənbələrdən üzvi maddələr axınını azaltmaq məqsədilə ekoloji cəhətdən əsaslandırılmış ən yaxşı mümkün texnologiyaların tətbiq edilməsi;

    g) səpələnmiş, o cümlədən kənd təsərrüfatı mənbələrindən üzvi maddələrin və təhlükəli maddələrin axınını məhdudlaşdırmaq üçün ən yaxşı ekoloji təcrübəyə əsaslanan müvafiq tədbirlərin inkişaf etdirilməsi və həyata keçirilməsi;

    h) sahildə yerləşən və Xəzər dənizinin dəniz ətraf mühitinə mənfi təsirini davam etdirən bəzi çirklənmə mənbələrinin konservasiyası və tam ləğv edilməsi üzrə tədbirlər.

    3. İki və daha çox Razılığa gələn Tərəfin ərazisindən keçən və ya onlar arasında sərhəd təşkil edən su axınlarından daxil olan çirkləndirici maddələr Xəzər dənizinin çirklənməsinə səbəb olarsa, Razılığa gələn Tərəflər bu cür çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üçün bütün zəruri tədbirlərin görülməsində əməkdaşlıq edirlər və məqsədə müvafiq hesab olunduğu təqdirdə potensial çirklənmə problemlərinin aşkar olunmasına və həll edilməsinə məsul olan birgə orqanlar yaradırlar.

    Maddə 8. Dəniz dibindəki fəaliyyətlə bağlı çirklənmə

    Razılığa gələn Tərəflər Xəzər dənizinin dibindəki fəaliyyətlə bağlı çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üçün bütün zəruri tədbirləri görürlər. Bu məqsədlə onlar bu Konvensiyaya dair əlavə protokolların hazırlanması üzrə əməkdaşlığa təşviq olunurlar.

    Maddə 9. Gəmilərdən çirklənmə

    Razılığa gələn Tərəflər Xəzər dənizinin gəmilərdən çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək üçün bütün zəruri tədbirləri görürlər və bu məqsədlə bu Konvensiyaya dair, müvafiq beynəlxalq standartları nəzərə alan razılaşdırılmış tədbir, prosedur və standartları əks etdirən protokol və sazişlərin hazırlanması üzrə əməkdaşlıq edirlər.

    Maddə 10. Axıdılma ilə bağlı çirklənmə

    1. Razılığa gələn Tərəflər onların bayraqları altında üzən gəmilərdən və ərazilərində qeydiyyatdan keçmiş hava gəmilərindən axıdılan tullantılarla bağlı çirklənmənin qarşısını almaq, mane olmaq, azaltmaq və ona nəzarət etmək üçün bütün zəruri tədbirləri görürlər.

    2. Razılığa gələn Tərəflər həmin nəticəyə nail olmaq üçün bu Konvensiyaya dair razılaşdırılmış tədbir, prosedur və standartları əks etdirən protokolların işlənib hazırlanması üzrə əməkdaşlıq edirlər.

    3. Gəmilər, yaxud hava gəmiləri dənizdə tam dağılma, ya da bütövlükdə batma təhlükəsinə məruz qaldıqda və ya hər hansı bir halda insanların və dəniz canlılarının həyatı üçün təhlükə yarandıqda, axıdılma həmin təhlükəni aradan qaldırmaq üçün yeganə vasitə olarsa və güman etməyə kifayət qədər tam əsas olarsa ki, axıdılmadan dəyən ziyan gözlənilən ziyandan az olacaq, onda bu maddənin 1 və 2-ci bəndinin müddəaları tətbiq edilmir. Bu cür axıdılma elə həyata keçirilməlidir ki, insan və dəniz canlılarının həyatı üçün mümkün olan təhlükə, yaxud dənizin qanuni istifadəsi üçün yaranacaq əngəl beynəl-xalq, həmçinin regional hüquqi sənədlərə müvafiq olaraq minimuma endirilmiş olsun. Bu cür axıdılma barədə Razılığa gələn Tərəflərə məlumat verilir.

    Maddə 11. Digər antropogen fəaliyyətlə bağlı çirklənmə

    1. Razılığa gələn Tərəflər torpaq meliorasiyası, sahilyanı dib dərinləşdirmə və bəndlərin tikintisi işləri də daxil olmaqla, bu Konvensiyanın 7-10-cu maddələri ilə əhatə olunmayan digər antropogen fəaliyyətlə bağlı Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üçün bütün müvafiq tədbirləri görürlər.

    2. Razılığa gələn Tərəflər dəniz səviyyəsinin dəyişməsinin Xəzər dənizinin ekosisteminə mümkün neqativ təsirinin yumşaldılmasına yönəldilmiş antropogen fəaliyyətin mənfi təsirini azaltmaq üçün bütün müvafiq tədbirləri görürlər.

    Maddə 12. İnvaziv yad növlərin daxil olmasının qarşısının alınması, nəzarəti və onlarla mübarizə

    Razılığa gələn Tərəflər ekosistemi və canlı aləmi təhdid edən invaziv yad növlərin Xəzər dənizinə daxil olmasının qarşısnıı almaq, nəzarət etmək və onlarla mübarizə sahəsində bütün müvafiq tədbirləri görürlər.

    Maddə 13. Fövqəladə ekoloji hallar

    1. Razılığa gələn Tərəflər insanları və dəniz ətraf mühitini təbii fəlakətlərin və ya antropogen qəzaların nəticələrindən qorumaq üçün bütün müvafiq tədbirləri görür və əməkdaşlıq edirlər. Bunun üçün bərpaetmə tədbirləri də daxil olmaqla, preventiv hazırlıq və cavab tədbirləri görülür.

    2. Preventiv və hazırlıq tədbirlərini həyata keçirmək məqsədilə Razılığa gələn Tərəf öz yurisdiksiyasında ekoloji fəlakətə səbəb ola biləcək təhlükəli fəaliyyətləri müəyyən edir və hər hansı bu cür planlaşdırılan və ya mövcud fəaliyyət barəsində Razılığa gələn digər Tərəfləri xəbərdar edir. Razılığa gələn Tərəflər təhlükəli fəaliyyətlərin dəniz ətraf mühitinə təsirinin qiymətləndirilməsinin aparılması və risklərin azaldılması üzrə tədbirlərin görülməsi barədə razılıq əldə edirlər.

    3. Razılığa gələn Tərəflər sənaye qəzaları və fövqəladə ekoloji hallar barəsində ilkin xəbərdarlıq sistemlərinin yaradılmasında əməkdaşlıq edirlər. Fövqəladə ekoloji hallarda və yaxud bu cür qaçılmaz təhlükə olduğu hallarda, ərazisində belə vəziyyətin yarandığı Razılığa gələn Tərəf, ləngimədən müvafiq səviyyədə belə təsirə məruz qala biləcək Razılığa gələn Tərəflərə xəbərdarlığı təmin edirlər.

    4. Razılığa gələn Tərəflər fövqəladə ekoloji hallara cavab vermək üçün istifadə edilən lazımi avadanlıq və ixtisaslaşmış heyət də daxil olmaqla fövqəladə ekoloji hallara qarşı adekvat hazırlığının qorunması və onun təmin olunmasına dair bütün müvafiq tədbirləri görürlər.

    IV. Dəniz ətraf mühitinin qorunması, mühafizəsi və bərpası

    Maddə 14. Dənizin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası və səmərəli istifadəsi

    1. Razılığa gələn Tərəflər Xəzər dənizinin bioloji ehtiyatlarının qorunmasına, mühafizəsinə, bərpasına və səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirirlər və mövcud olan ən yaxşı elmi məlumatlar əsasında aşağıdakılara nail olmaq üçün bütün müvafiq tədbirləri həyata keçirirlər:

    a) insanların qidalanma tələbatlarının ödənilməsində və sosial-iqtisadi məqsədlərə nail olunmasında ekoloji tarazlığın saxlanması, bərpası və səmərəli istifadəsi məqsədilə bioloji ehtiyatların potensialının inkişafı və artırılması;

    b) növlər arasında nisbəti nəzərə alaraq, müvafiq ekoloji və iqtisadi faktorlarla müəyyən olunan dəniz canlılarının növlərini, onların maksimum davamlı olmasını təmin edəcək səviyyədə populyasiyasını saxlamaq və təmin etmək;

    c) həddindən artıq istismar nəticəsində dəniz bioloji növlərinin yox olma təhlükəsinə məruz qalmayacaqları şəraitin təmin edilməsi;

    d) balıqçılıqda sənaye növlərinin ovlanmasında və qeyri-sənaye növlərinin tutulmasında itkiləri minimuma endirə bilən seçmə üsulların, metodların inkişafını və tətbiq edilməsini təşviq etmək;

    e) endemik, nadir və kökünün kəsilməsi təhlükəsi altında olan dəniz bioloji növlərinin qorunması, mühafizəsi, bərpa olunması;

    f) bioloji müxtəlifliyi, nadir və yox olma təhlükəsi altında olan növləri, habelə həssas ekosistemləri qoruyub saxlamaq.

    2. Razılığa gələn Tərəflər bu Konvensiyaya dair dəniz bioloji ehtiyatlarının qorunması, mühafizəsi və bərpası üzrə müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutan protokolların işlənib hazırlanmasında əməkdaşlıq edirlər.

    Maddə 15. Sahil zonasının idarə edilməsi

    Razılığa gələn Tərəflər dəniz yaxınlığının təsiri altında olan qurunun planlaşdırılması və idarə edilməsi üzrə milli strategiyaların və planların hazırlanmasında və yerinə yetirilməsində zəruri tədbirlərin görülməsinə səy göstərirlər.

    Maddə 16. Xəzər dənizi səviyyəsinin dəyişməsi

    Razılığa gələn Tərəflər Xəzər dənizi səviyyəsinin dəyişməsi hallarının təsirini yumşaltmaq üçün zəruri elmi tədqiqatların aparılmasını və imkan daxilində bu Konvensiyaya dair, razılaşdırılmış tədbirlər görmək və prosedurlar tətbiq etməyi nəzərdə tutan protokolların hazırlanmasında əməkdaşlıq edirlər.

    V. Prosedurlar

    Maddə 17. Dəniz ətraf mühitinə təsirin qiymətləndirilməsi

    1. Razılığa gələn hər bir Tərəf Xəzər dənizinin dəniz ətraf mühitinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hər hansı planlaşdırılan fəaliyyətin dəniz ətraf mühitinə təsirini qiymətləndirmək prosedurlarının müəyyən olunması və tətbiqi üçün bütün müvafiq tədbirləri həyata keçirir.

    2. Razılığa gələn hər bir Tərəf bu maddənin 1-ci bəndinə uyğun olaraq həyata keçirilmiş dəniz ətraf mühitinə təsirin qiymətləndirilməsinin nəticələrini Razılığa gələn digər Tərəflər arasında yaymaq üçün bütün müvafiq tədbirləri həyata keçirir.

    3. Razılığa gələn Tərəflər transsərhəd kontekstində Xəzər dənizinin dəniz ətraf mühitinə təsirin qiymətləndirilməsinin prosedurlarını müəyyən edən protokolların hazırlanmasında əməkdaşlıq edirlər.

    Maddə 18. Razılığa gələn Tərəflər arasında əməkdaşlıq

    1. Razılığa gələn Tərəflər beynəlxalq təcrübədə ümumqəbuledilmiş tələbləri nəzərə almaqla, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına, azaldılmasına və nəzarətinə, habelə onun dəniz ətraf mühitinin qorunmasına, mühafizəsinə və bərpasına yönəldilmiş qaydaların, standartların, tövsiyə edilmiş təcrübə və prosedurların dürüst ifadə edilməsində, hazırlanmasında və uyğunlaşdırılmasında əməkdaşlıq edirlər.

    2. Razılığa gələn Tərəflər Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək, habelə onun qorunması, mühafiızəsi və bərpası məqsədilə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üçün Fəaliyyət Planının tərtib edilməsində əməkdaşlıq edirlər.

    3. Razılığa gələn Tərəflər bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilmiş öhdəliklərin yerinə yetirilməsində, o cümlədən aşağıdakı istiqamətlərdə fərdi və ya birgə işlər həyata keçirirlər:

    a) Xəzər dənizini çirkləndirən, yaxud çirklənməsinə səbəb ola biləcək mənbələri aşkar etmək məqsədilə məlumatların toplanması, yığılması və qiymətləndirilməsi, habelə Razılığa gələn digər Tərəflərlə müvafiq informasiyanın mübadiləsi;

    b) suyun keyfiyyət və kəmiyyətinin monitorinqi üçün proqramların işlənib hazırlanması;

    c) fövqəladə ekoloji hallar üçün cavab tədbirləri planlarının hazırlanması;

    d) axıntı və tullantılar üçün limitlərin müəyyən olunması və nəzarət proqramlarının səmərəliliyinin qiymətləndirilməsi;

    e) suyun keyfiyyətinin təyin edilməsi üçün normativlərin və meyarların hazırlanması, suyun mövcud vəziyyətdəki keyfiyyətini qoruyub saxlamaq, zəruri olan hallarda isə yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin təklif edilməsi;

    f) nöqtəvi və səpələnmiş bələdiyyə və sənaye mənbələrindən, o cümlədən kənd təsərrüfatı, şəhər və digər tullantı mənbələrindən çirklənmə yükünü azaltmaq üçün uyğunlaşdırılmış fəaliyyət proqramları işləyib hazırlamaq.

    Maddə 19. Monitorinq

    1. Razılığa gələn Tərəflər fərdi və ya birgə Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyətinin monitorinqi üçün müvafiq proqramların hazırlanması və həyata keçirilməsi üçün səy göstərirlər.

    2. Razılığa gələn Tərəflər Xəzər dənizinə axıdılması və konsentrasiyası üzərində müntəzəm monitorinq həyata keçiriləcək tullantıların siyahısını və parametrlərini razılaşdıracaqlar.

    3. Razılığa gələn Tərəflər müntəzəm olaraq fərdi və ya birgə Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyətini və Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək üçün həyata keçirilən tədbirlərin səmərəliliyini qiymətləndirirlər.

    4. Bu məqsədlər üçün Razılığa gələn Tərəflər monitorinq proqramlarının, ölçü sistemlərinin, analitik üsulların, məlumatların işlənilməsi və keyfiyyətinin qiymətləndirilməsi proqramlarının hazırlanması və fəaliyyət göstərməsi üçün qaydaların uyğunlaşdırılmasına səy göstərirlər.

    5. Razılığa gələn Tərəflər qərarların qəbul edilməsində və mütəxəssislər, inzibatçılar və ictimaiyyət üçün ümumi məlumat mənbəyinin əsası olan bütün müvafiq informasiyanın toplandığı mərkəzləşdirilmiş məlumat bazası və informasiyanın idarə edilməsi sistemini işləyib hazırlayırlar.

    Maddə 20. Elmi tədqiqatlar və təkmilləşdirmələr

    Razılığa gələn Tərəflər Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, azaldılması və ona nəzarət sahəsində elmi tədqiqatların aparılması və səmərəli metodların təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edirlər, bunun üçün də Razılığa gələn Tərəflər, aşağıdakı istiqamətlər üzrə elmi proqramlara, zərurət olarsa, xüsusi tədqiqat proqramlarına təşəbbüs göstərilməsinə və intensivləşdirilməsinə səy göstərirlər:

    a) zərərli maddələrin toksiklik dərəcəsini qiymətləndirmə üsullarının təkmilləşdirilməsi və onların Xəzər dənizinin dəniz ətraf mühitinə təsiri prosesinin öyrənilməsi;

    b) ekoloji cəhətdən əsaslandırılmış və təhlükəsiz texnologiyaların hazırlanması və tətbiqi;

    c) çirkləndirmə qabiliyyətli maddələrin dövriyyədən çıxarılması və/və ya əvəz edilməsi;

    d) təhlükəli maddələrin kənarlaşdırılması üçün ekoloji cəhətdən əsaslandırılmış və təhlükəsiz metodların inkişafı;

    e) drenaj işlərinin və su axınlarının tənzimlənməsinin ekoloji cəhətdən həssas və təhlükəsiz üsullarının təkmilləşdirilməsi;

    f) çirklənmədən dəymiş ziyanın qiymətləndirilməsi;

    g) Xəzər dənizinin hidroloji rejimi və ekosisteminin dinamikası, o cümlədən dəniz səviyyəsinin dəyişməsi və bunun dənizə və sahilyanı ekosistemlərə təsiri haqqında biliklərin təkmilləşdirilməsi;

    h) Xəzər dənizində radiasiya və radioaktivlik səviyyəsinin öyrənilməsi.

    Maddə 21. İnformasiya mübadiləsi və informasiyanı əldə etmə

    1. Razılığa gələn Tərəflər birbaşa və yaxud Katiblik vasitəsilə müntəzəm surətdə bu Konvensiyanın müddəalarına uyğun olaraq informasiya mübadiləsi həyata keçirirlər.

    2. Razılığa gələn Tərəflər öz milli qanunvericiliklərinə və mövcud beynəlxalq sazişlərin dəniz ətraf mühiti barədə ictimaiyyətin məlumat almasını nəzərdə tutan müddəalarına uyğun olaraq, Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyəti, onun çirklənməsinin qarşısının alınması, azaldılması və ona nəzarət edilməsi üçün görülən və görülməsi nəzərdə tutulan tədbirlər haqqında məlumatların ictimaiyyət üçün əldə edilə bilən olmasını təmin etməyə səy göstərirlər.

    VI. Təşkilati strukturlar

    Maddə 22. Tərəflər Konfransı

    1. Bununla Tərəflər Konfransı təsis edilir.

    2. Tərəflər Konfransı hər bir Tərəfin bir səsə malik olan bir nümayəndəsindən ibarətdir. Hər bir nümayəndəyə bir və ya daha çox məsləhətçi tərəfindən yardım göstərilə bilər.

    3. Tərəflər Konfransının birinci sessiyası bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra on iki aydan gec olmayaraq çağırılır. Tərəflər Konfransının mütəmadi sessiyaları Konfransın birinci sessiyasında müəyyən olunan müntəzəm əsasla keçirilir.

    4. Tərəflər Konfransının növbədənkənar sessiyaları Tərəflər Konfransı tərəfindən zəruri hesab olunan vaxtda və ya istənilən Tərəfin yazılı müraciəti əsasında keçirilir, bu şərtlə ki, həmin müraciət ən azı Razılığa gələn digər iki Tərəfin dəstəyini almış olsun.

    5. Tərəflər Konfransının sessiyaları ingilis əlifbası sırası ilə rotasiya qaydasında Razılığa gələn Tərəflərin ərazilərində, yaxud Katibliyin yerləşdiyi yerdə keçirilir.

    6. Tərəflər Konfransına sədrliyi növbə ilə, Razılığa gələn Tərəflərin adlarının ingilis əlifba sırası ilə Razılığa gələn hər bir Tərəf edəcəkdir. Sədrlik vəzifəsi boşaldıqda, Konfransda sədrlik edən Razılığa gələn Tərəf bu vəzifədə Razılığa gələn Tərəfin səlahiyyət müddəti qurtarana qədər fəaliyyət göstərmək üçün varis təyin edir.

    7. Tərəflər Konfransının işçi dilləri ingilis dili və Razılığa gələn Tərəflərin dövlət dilləridir. Katiblik BMT-nin rəsmi dillərini təmin edir.

    8. Tərəflər Konfransının bütün qərarları Razılığa gələn Tərəflərin yekdil səsi əsasında qəbul edilir.

    9. Tərəflər Konfransı özünün birinci sessiyasında aşağıdakılar barədə qərar qəbul edəcəkdir:

    a) bu Konvensiyanın zəruri hesab olunan digər orqanlarının təsis edilməsi;

    b) yerləşmə yeri və heyətin müəyyən olunması da daxil olmaqla, Konvensiyanın daimi Katibliyinin təşkil edilməsi;

    c) özünün və onun köməkçi orqanlarının prosedur və maliyyə qaydaları.

    10. Tərəflər Konfransının funksiyaları aşağıdakılardır:

    a) bu Konvensiyanın, onun protokollarının və Fəaliyyət Planının yerinə yetirilməsini nəzarətdə saxlamaq;

    b) bu Konvensiyanın və onun protokollarının müntəzəm olaraq nəzərdən keçirilməsi;

    c) istənilən əlavə protokolun və ya bu Konvensiyaya, yaxud onun protokollarına istənilən düzəlişin nəzərdən keçirilməsi və qəbul edilməsi və bu Konvensiyaya və onun protokollarına əlavələrin qəbul edilməsi və dəyişdirilməsi;

    d) Razılığa gələn Tərəflərin təqdim etdiyi hesabatların qəbul edilməsi və nəzərdən keçirilməsi və Razılığa gələn Tərəflərin və hər hansı səlahiyyətli beynəlxalq və regional təşkilatın təqdim etdiyi hesabatlar əsasında dəniz ətraf mühitinin vəziyyətinin, xüsusilə çirklənmənin vəziyyəti və onun təsirlərinin xülasəsi və qiymətləndirilməsi;

    e) bu Konvensiya ilə bağlı Katiblik tərəfindən hazırlanmış hesabatların nəzərdən keçirilməsi;

    f) bu Konvensiyanın məqsədi üçün zəruri olduğu təqdirdə, texniki və maliyyə xidmətləri üçün müvafiq beynəlxalq orqanlara və elmi institutlara müraciət edilməsi;

    g) bu Konvensiyanı və onun protokollarını yerinə yetirmək üçün zəruri hesab oluna bilən köməkçi orqanların yaradılması;

    h) Razılığa gələn Tərəflərin bərabər təmsilçiliyini nəzərə alaraq, Konvensiyanın İcraçı katibinin və lazım gəldiyi təqdirdə, digər heyətin təyin edilməsi;

    i) bu Konvensiyanın məqsədinə nail olmaq üçün lazım olan istənilən digər funksiyaların yerinə yetirilməsi.

    Maddə 23. Konvensiyanın Katibliyi

    1. Bununla Konvensiyanın Katibliyi təsis edilir.

    2. Katiblik Konvensiyanın İcraçı katibindən və aşağıda göstərilən funksiyaları yerinə yetirmək üçün zəruri olan digər heyətdən ibarətdir.

    3. İcraçı katib Konvensiyanın Katibliyinin baş inzibati vəzifəli şəxsidir, Tərəflər Konfransının qəbul etdiyi prosedur və maliyyə qaydalarına uyğun olaraq Konvensiyanın Katibliyinin işini idarə etmək üçün zəruri olan funksiyaları yerinə yetirir.

    4. Katibliyin funksiyaları aşağıdakılardır:

    a) Tərəflər Konfransının sessiyalarının və onun köməkçi orqanlarının iclaslarının təşkili və keçirilməsi;

    b) bildirişlərin, hesabatların və digər alınmış informasiyaların hazırlanması və Razılığa gələn Tərəflərə ötürülməsi;

    c) Razılığa gələn Tərəflərdən alınmış sorğuların və informasiyanın nəzərdən keçirilməsi və bu Konvensiyanın və onun protokollarının yerinə yetirilməsi ilə bağlı məsələlər barədə onlarla məsləhətləşmələrin aparılması;

    d) bu Konvensiyanın və onun protokollarının yerinə yetirilməsi ilə bağlı məsələlərə dair hesabatların hazırlanması və yayılması;

    e) Xəzər dənizinin qorunması ilə bağlı və Razılığa gələn Tərəflərin qanunlarının və beynəlxalq hüquqi sənədlərin bazasını yaratmaq, saxlamaq və yaymaq;

    f) bu Konvensiyanın və onun protokollarının səmərəli yerinə yetirilməsi üçün Razılığa gələn hər hansı Tərəfin xahişi ilə texniki yardımın və məsləhətlərin təmin edilməsinin təşkil edilməsi;

    g) bu Konvensiyanın protokolları ilə müəyyən edilən digər funksiyaların həyata keçirilməsi;

    h) regional və beynəlxalq təşkilatlarla və proqramlarla lazımi qaydada əməkdaşlıq edilməsi;

    i) Tərəflər Konfransı tərəfindən müəyyən edilə biləcək digər funksiyaların yerinə yetirilməsi.

    VII. Protokollar və əlavələr

    Maddə 24. Protokolların qəbul edilməsi

    1. Razılığa gələn istənilən Tərəf bu Konvensiyaya dair protokolların qəbul edilməsini təklif edə bilər. Bu cür protokollar Tərəflər Konfransının sessiyasında Tərəflərin yekdil qərarı əsasında qəbul edilir. Protokolların özündə qəbul olunma ilə bağlı fərqli prosedur nəzərdə tutulmamışdırsa, protokollar Razılığa gələn Tərəflərin qanunvericiliyinə müvafiq olaraq onların hamısı tərəfindən ratifikasiya olunduqdan və ya təsdiq edildikdən sonra qüvvəyə minir. Protokollar bu Konvensiyanın ayrılmaz tərkib hissəsini təşkil edir.

    2. Hər bir təklif olunan protokolun mətni Razılığa gələn Tərəflərə protokolun qəbul olunması nəzərdə tutulan Tərəflər Konfransının sessiyasının başlanmasından ən azı altı ay əvvəl təqdim olunur.

    Maddə 25. Əlavələrin və düzəlişlərin qəbulu

    1. Bu Konvensiyaya və ya hər hansı protokola əlavələr bu Konvensiyanın və ya bu cür protokolun ayrılmaz tərkib hissəsidir və açıq şəkildə başqa cür nəzərdə tutulmayıbdırsa, bu Konvensiyaya və ya onun protokollarına istinad eyni zamanda onların əlavələrinə istinad deməkdir. Həmin əlavələr prosedur, elmi, texniki və inzibati məsələlərlə məhdudlaşdırılır.

    2. Bu Konvensiyaya və ya onun hər hansı protokoluna əlavələr 24-cü maddədə təsbit edilmiş prosedura müvafiq olaraq təklif edilir və qəbul edilir.

    3. Bu Konvensiyanın və ya onun hər hansı bir protokolunun əlavələrinə düzəlişlərin təklif edilməsi, qəbulu və qüvvəyə minməsi qaydaları Konvensiyaya və ya onun hər hansı bir protokoluna əlavələrin təklif edilməsi, qəbulu və qüvvəyə minməsi qaydaları ilə eynidir.

    4. Əlavəyə edilən əlavə və ya düzəliş bu Konvensiya və ya hər hansı protokola düzəliş edilməsi ilə əlaqədar olduqda, bu Konvensiyaya və ya protokola düzəliş qüvvəyə minənə qədər müvafiq əlavə və ya düzəliş qüvvəyə minməyəcəkdir.

    VIII. Həyata keçirmə və riayət etmə

    Maddə 26. Konvensiyanın həyata keçirilməsi

    1. Razılığa gələn hər bir Tərəf öz ərazisində və yurisdiksiyası altında bu Konvensiyanın müddəalarının həyata keçirilməsini əlaqələndirən Milli orqan təyin edir.

    2. Bu Konvensiyanın müddəaları Razılığa gələn Tərəflərin fərdi və ya birgə olaraq bu Konvensiyada müəyyən edilmiş tədbirlərdən daha sərt tədbirlər görmək və həyata keçirmək hüquqlarına təsir etmir.

    Maddə 27. Hesabatlar

    Hər bir Milli orqan Katibliyə Konvensiya və protokollarının müddəalarının həyata keçirilməsi üzrə yerinə yetirilmiş tədbirlər barəsində Tərəflər Konfransının müəyyən etdiyi formada və intervalda hesabatlar təqdim edir. Katiblik alınmış hesabatları Razılığa gələn bütün Tərəflərə göndərir.

    Maddə 28. Həyata keçirmə və riayət etmə

    Razılığa gələn Tərəflər bu Konvensiyaya və ya onun protokollarına riayət edilməsini təmin etmək məqsədilə prosedurların işlənib hazırlanmasında əməkdaşlıq edirlər.

    Maddə 29. Dəymiş ziyana görə məsuliyyət və kompensasiya

    Razılığa gələn Tərəflər beynəlxalq hüququn müvafiq prinsip və normalarını nəzərə alaraq, bu Konvensiyanın və onun protokollarının müddəalarının pozulması nəticəsində Xəzər dənizinin dəniz ətraf mühitinə dəymiş ziyana görə maddi məsuliyyətə və kompensasiyaya dair müvafiq qaydalar və prosedurlar işləyib hazırlamağı öhdələrinə götürürlər.

    Maddə 30. Mübahisələrin həlli

    Razılığa gələn Tərəflər arasında bu Konvensiyanın müddəalarının tətbiqi və təfsiri ilə bağlı mübahisələr yarandıqda, Razılığa gələn Tərəflər onları məsləhətləşmələr, danışıqlar və ya öz seçimlərinə əsasən digər dinc vasitələrlə həll edirlər.

    IX. Yekun müddəalar

    Maddə 31. İmzalama, ratifikasiya, qəbul etmə, təsdiq etmə və qoşulma

    1. Bu Konvensiya 2003-cü il noyabrın 4-dən 2004-cü il noyabrın 3-dək İran İslam Respublikasının Tehran şəhərində yalnız Xəzəryanı dövlətlər tərəfindən imzalanmaq üçün açıq olacaqdır.

    2. Bu Konvensiya Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. O, imzalanmaq üçün bağlandığı tarixdən başlayaraq hər hansı Xəzəryanı dövlət tərəfindən həmin dövlətin milli qanunvericiliyinə uyğun olaraq qoşulmaq üçün açıq olacaqdır.

    3. Ratifikasiya, qəbul etmə, təsdiq etmə və ya qoşulma barəsində sənədlər Depozitariyə saxlanca verilir.

    Maddə 32. Qeyd-şərtlər

    Bu Konvensiyaya heç bir qeyd-şərt edilə bilməz.

    Maddə 33. Qüvvəyə minmə

    Bu Konvensiya bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilmə, yaxud qoşulma barəsində sənədin Depozitariyə verilməsindən doxsan gün sonra qüvvəyə minir.

    Maddə 34. Konvensiyaya və ya protokollara düzəliş

    1. Razılığa gələn hər bir Tərəf bu Konvensiyaya və onun istənilən protokoluna düzəlişlər edilməsini təklif edə bilər. Belə düzəlişlər Tərəflərin yekdil qərarı əsasında Tərəflər Konfransının sessiyasında qəbul edilir.

    2. Bu Konvensiyaya və ya onun hər hansı protokoluna edilmiş düzəlişlər həmin Konvensiyanın qüvvəyə minməsi üçün nəzərdə tutulan prosedura müvafiq olaraq qüvvəyə minir.

    Maddə 35. Depozitari

    Bu Konvensiyanın Depozitarisi İran İslam Respublikasıdır.

    Maddə 36. Autentik mətnlər

    Mətnləri Azərbaycan, qazax, rus, türkmən, fars və ingilis dillərində autentik olan bu Konvensiya Depozitariyə saxlanca verilir. Bu Konvensiya, yaxud onun protokollarının tətbiqi və ya təfsiri ilə bağlı mübahisə yarandıqda, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

    Maddə 37. Xəzər dənizinin hüquqi statusu haqqındakı danışıqlara münasibət

    Bu Konvensiyanın heç bir müddəası Xəzər dənizinin yekun hüquqi statusu ilə bağlı danışıqların nəticələrini əvvəlcədən müəyyən edən müddəa kimi təsfir edilmir.

    Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

    2003-cü il noyabrın dördündə Tehran şəhərində imzalanmışdır.

  • Azərbaycan qoruqları (Korçay Dövlət Təbiət Qoruğu)

    Azərbaycan qoruqları (Korçay Dövlət Təbiət Qoruğu)

    Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay dövlət təbiət qoruğu yaradılmışdır.

    Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

    Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir.
    Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir.

    Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir.

    Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir.Ərazidə efemerlər də yaxşı inkişaf edir.

    Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir.

    Azərbaycanın «Qırmızı Kitab»ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar.
    Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

  • Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu

    Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu

    Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı son vaxtlaradək 400-ə yaxın hesablanırdı və planetimizdə olan vulkanların yarısını təşkil edirdi.

    Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır.

    Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.

    DTQ-un fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatları təşkil etmək və ekoloci monitorinqi həyata keçirmək.

    Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.

  • Azərbaycan qoruqları (Eldar şamı Dövlət Təbiət Qoruğu)

    Azərbaycan qoruqları (Eldar şamı Dövlət Təbiət Qoruğu)

    Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloci müxtəlifliyin, ekoloci sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc,saqqız ağacı və s.), dünyada yeganə vətəni olan Elləroyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.

    Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə «Eldar şamı» yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.

    Eldar şamı qoruğunun yerləşdiyi ərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq dağlıq sahədir. Torpaq örtüyü şiddətli eroziyaya uğramış, çox yerdə torpaq əmələ gətirən suxurlardan az fərqlənən qəhvəyi arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.

    Eldar şamı Elləroyuğunda özünəməxsus arid meşə landşaftı yaratmışdır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqız agacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşan alması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir.

    Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.

    Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.

    Meşələr üçün qeyri-adi hesab edilən şəraitdə bitib inkişaf edən Eldar şamı quraq və az münbit torpaqlı ərazilərin yaşıllaşdırılması üçün misilsiz əvəzsiz ağac növüdür. Quraq ərazilərdə meşə massivlərinin, tarlaqoruyucu meşə zolaqlarının salınması, dərə və yarğanların eroziyasının qarşısının alınması, qumluqların bərkidilməsi, dekorativ yaşıllaşdırma tədbirləri üçün Eldar şamının çox geniş ərazilərdə əkilməsi perspektivi vardır.

    Eldar Şamı dövlət təbiət qoruğunun zəruri infrastrukturu yaradılmışdır.

  • Azərbaycan qoruqları (Şirvan Dövlət Təbiət Qoruğu)

    Azərbaycan qoruqları (Şirvan Dövlət Təbiət Qoruğu)

    Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində alimlərin həyata keçirdiyi sayğının nəticələrinə əsasən ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda Respublika hökumətinin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edildi. 1982-ci ildə dövlət təbiət qoruğunun sahəsi genişləndirlərək. 25761 hektara çatdırıldı. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır. Hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.

    Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının «Qırmızı kitab»ına düşmüş gözəllik rəmzi olan ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.

    Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii lanşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra xırda təpəlikləri, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Hər bir təbii landşaft sahələrinin ceyranlar üçün xüsusi əhəmiyyəti vardır.

    Geoloci dövr ərzində qoruğun ərazisi bir neçə dəfə Xəzərin suları altında olmuşdur. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və allüvial çöküntülər nəticəsində quruya çevrilmişdir. Ərazi dəniz səviyyəsindən aşağıda yerləşir. Burada mikrorelyef yaxşı nəzərə çarpır. Külək vasitəsilə yaranan dyun təpəciklərinin hündürlüyü 0,5-1,2 m-ə qədərdir və onlar ceyranların mühafizəsi və sığınacağı üçün çox sərfəlidir.

    Qoruq ərazisində əsasən boz, boz-çəmən və çəmən-bataqlıq torpaqları və qumluqlar yayılmışdır.

    Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi az və ya zəif nəmliyi, qışının mülayim, yayının isə quru və isti keçməsilə səciyyələnir. Qoruq ərazisi yarımsəhra zonasında, düzənlik ərazidə yerləşdiyindən burada çay və bulaq yoxdur. Qoruğun ərazisindən bir neçə kollektorlar keçir. Onların vasitəsilə qoruqda olan Çala gölü su ilə təmin olunur. Xəzərin, kanalların suyu qışda donmur, bu da ceyran və quşlar üçün çox əhəmiyyətlidir.

    Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişlər. Həmin gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır.

    Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra, çəmən-çala və qumluq bitkiləri yayılmışdır.

    Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır.

    Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və s. məskən salmışdır. Qoruqda Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.

  • Azərbaycan qoruqlar (Türyançay Dövlət Qoruğu)

    Azərbaycan qoruqlar (Türyançay Dövlət Qoruğu)

    Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmişdir. Hazırda sahəsi ərazisi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.

    Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.

    Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloci cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır. Relyefin paçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir.

    Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti və qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.

    Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.

    Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.

    Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

    Əvvəllər Turyançay qoruğunun üç filialı vardı (Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiəri sahəsi)

    300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra, ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.

  • Azərbaycan qoruqları (Zaqatala Dövlət Qoruğu)

    Azərbaycan qoruqları (Zaqatala Dövlət Qoruğu)

    Zaqatala Dövlət Təbiət Qoruğu respublikamızın ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında təşkil edilmişdir. Ərazisi 23844 hektar idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 17 oktyabr tarixli 370s nömrəli Qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılmışdır. Qoruq Gürcüstan Respublikası ilə həmsərhəddir.

    Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında başlıca məqsəd bu meşələrin əvəzedilməz torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini seldən qorumaq, Böyük Qafqazın cənub yamacının təbii kompleksini, bitki və heyvanat aləmini mühafizə etmək olmuşdur.

    Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3646 m hündürlükdə yerləşir.

    Yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800- 2200 m. d. s. h.) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 m.) daha sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunurlar.

    Qoruğun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı- qayalı çay sahilləri ilə kəsilir.
    Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qalır, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olurlar.

    Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi çox kəskin çay şəbəkəsi ilə kəsilir. Öz mənbəyini qoruğun ərazisindən götürən və şimaldan cənuba kimi bütovlükdə bu ərazidən keçən əsas çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçayı göstərmək olar. Dağ çaylarının suyunun əsasını su ayrıclarında böyük miqdarda yağan qar və yağışlar təşkil edir.
    Əsrlər boyu qoruğun ərazisindən axıb keçən əsas çaylar orta dağlıq hissədə hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaratmışlar.

    Ərazinin əsas suxurları gilli şistlər və qum daşlarından ibarətdir. Qoruğun torpaq örtüyü əsasən ibtidai dağ-çəmən, dağ-çəmən, dağ-çəmən-meşə və qonur meşə torpaq tiplərindən ibarətdir.

    Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar.

    Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır.

    1950-ci ildə qoruqda elmi- tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə yaradılmışdır. Burada beynəlxalq bioloci problemlər üzrə tədqiqat işləri aparılır.

    Qoruğun elmi təmayülü—Böyük Qafqazın şimali-şərq hissəsinin ayrı-ayrı zonalarında susaxlayıcı, torpaqqoruyucu və kurort- iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin qorunub saxlanması və onlardan səmərəli istifadə olunmasına yönəldilmişdir.

    Çox qiymətli dərman bitkisi olan cenşenin Böyük Qafqazın dağətəyi şəraitində yetişdirilməsi imkanı, dağ çəmənlərini məhsuldarlığı, yüksək dağ palıdının ekologiyası və onun bərpası, Sosnovski baldırğanı timsalında dağ-çəmən və yem bitkilərinin məhsuldarlığı, dırnaqlıların, habelə həşəratyeyən və yırtıcı quşların biologiya və ekologiyası problemlərinin tədqiq edilməsi bu baxımdan əhəmiyyətlidir.

    Elmi- tədqiqat işi qoruğun əməkdaşları və başqa elmi- tədqiqat və tədris institutlarının alimləri tərəfindən aparılır.

  • Azərbaycan qoruqları (Qarayazı Dövlət Təbiət Qoruğu)

    Azərbaycan qoruqları (Qarayazı Dövlət Təbiət Qoruğu)

    Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

    Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu əraziində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.

    Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir.Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və kürün hidroloci reciminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.

    Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.

    Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı—Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.

    Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bunun da çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.

    Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi qışın quraq və mülayim, yayın isə quraq və isti keçməsi ilə fərqlənir. Havanın orta illik temperaturu 12,20-dir; yalnız yanvarın orta temperaturu 00-dən aşağı (-0,10) düşür. İllik yağıntının miqdarı 400 mm olduğu halda, illik buxarlanma bundan 2,3 dəfə artıqdır.

    Qoruğun ərazisinin mikrorelyefi, geomorfoloci xüsusiyyətləri, Kür çayının təsiri, qrunt suyunun səthə yaxın olması, bitki örtüyünün müxtəlifliyi və s. burada allüvial-bataqlı, allüvial-çəmən, allüvial-çəmən-meşə və çəmən-şabalıdı torpaqların əmələ gəlməsinə şərait yaratməışdır.

    Kürün sahilindən uzaqlaşdıqca bitki örtüyünün dəyişməsi nəzərə çarpır: çay yatağının saili boyunca söyüd, böyürtkən, iydə, zirinc kimi kollar inkişaf etmişdir, onların əmələ gətirdiyi kolluqların eni bir neçə metrə çatır. Sahildən uzaqlaşdıqda onları tipik tuqay meşələri əvəz edir. Bu meşələr çoxyarusludur. Birinci yarusu ağyarpaq qovaq, ikinci yarusu isə palıd, qızılağac təşkil edir.Burada tuqay meşələrinə xüsusi görkəm verən lianlara da rast gəlinir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir. Bunlar əsasən ağyarpaq qovaq, palıd, yemişan, böyürtkən, amorf, söyüd, qaramurdarça, iydə, göyəm və s. ibarətdir.

    Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün və s. məməlilər məskunlaşmışdır.

    Ərazi daimi yaşayan və köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə və müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir. Ördək, su fərəsi və s. suya maraq göstərən quşlar da az deyildir; burada, hətta həmişə sevilən bülbül də qorunur.

    Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, batalıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər vardır.

    Qoruq ərazisində şəmayı, çapaq, naxa, şirbit və s. balıqlar Kürün daimi sakinləridir.

    Qoruğun əsas vəzifələrindən biri də buradakı heyvanlar aləmini qorumaq, onların təbii yolla çoxalmaları üçün əlverişli şəraiti mühafizə edib yaxşılaşdırmaqdır.

    Qarayazı qoruğunun adının qəribə mənası vardır. Qarayazı «qara» və «yazı» sözlərindən ibarətdir. Burada «qara» böyük, «yazı» isə qədim türk dillərinə aid olan düzənlik, çöllük mənalarına işlədilir. Qarayazı coğrafi adının mənası «Böyük düz», «Böyük çöl» deməkdir.

  • Azərbaycan qoruqları (Qaragöl Dövlət Təbiət qoruğu) – İşğal altındadır

    Azərbaycan qoruqları (Qaragöl Dövlət Təbiət qoruğu) – İşğal altındadır

    Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

    İşıqlı Qaragöl Azərbaycan Respublikasının Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonu sərhəddində yerləşir; sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüusək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.

    Bu göl mühüm hidroloci və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.

    Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci il tarixində Azərbaycan və Ermənistan Respubikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dovlət qoruğu elan edilmişdir. Ərazisi 240 hektardır.
    Qoruq Qarabağ Vulkanik yaylasının yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.

    Burada geoloci cəhətdən vulkanik dağların pliosen lava massivi, geomorfoloji baxımdan isə vulkanogen fasiyalar səciyyəvidir. Gölün şimal, şimal-qərb və qərb tərəflərində quru ərazi yarğanlı və qayalıdır; şimal-qərb tərəflərində bir neçə gətirmə konusu var; digər hissələrində relyef düzənlikdir.

    Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.

    Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.

    Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.

    Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.

    Gölün ekoloci şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

    Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır. Qoruğun quru sahələri çox az olub yüksək alp xalılırının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir.

    İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir.

  • Azərbaycan qoruqları (İlisu Dövlət Təbiət Qoruğu)

    Azərbaycan qoruqları (İlisu Dövlət Təbiət Qoruğu)

    Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

    İlisu Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 20 fevral 1987-ci il tarixli 57№-li Qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala və İsmayıllı qoruqlarının arasında 700-2100 m hündürlükdə yerləşir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart tarixli Qərarı ilə qoruğun ərazisi genişləndirilmişdir. Hal-hazırda qoruğun sahəsi 17381,6 hektardır.

    Qoruğun təşkil edilməsndə məqsəd təbii kompleksi daha yaxşı qorumaq və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və heyvanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s. ibarətdir.

    Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adı ilədir. Həmin kəndin adı isə onun yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn iy ilə əlaqədar olaraq «iyli su» mənasından yaradılmışdır.

    Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.

    Qoruğun ərazisində qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir.

    Havanın orta illik temperaturu 5-120 arasında tərəddüd edir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.

    İlisu qoruğunun ərazisində dağ-çəmən, dağ-çəmən-meşə, qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

    İlisu qoruğunda dərman, endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilmişdir.

    Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər( dovşan, süleysinlər, siçanlar, sincablar və s.), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.

    Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır; onların 60 növə qədəri isə sərçəkimilərə aiddir.
    Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlar, 1-i isə koramallara aiddir.

    Qoruqdakı çaylarda çay forel balığı yaşayır. Digər balıqlardan isə şərq qışovçusu, kür şirbiyi, və kür xramulyası yalnız Kurmuxçayın qoruğun aşağı sərhəddindəki hissəsndə məskunlaşmışdır.

    Burada suda – quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.

  • Azərbaycan Respublikasının qoruqları (Bəsitçay Dövlət Təbiət Qoruğu) – İşğal altındadır

    Azərbaycan Respublikasının qoruqları (Bəsitçay Dövlət Təbiət Qoruğu) – İşğal altındadır

    Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilmişdir.

    Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.

    Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilədir. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.

    Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.

    Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi—müxtəlif otlu çinar meşələri formalaşmışdır.
    Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.

    Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.

    Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.

    Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır.

    Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.

    Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.

    Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir.

    Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hal-hazırda Şərq çinarlarının qorunduğu Bəsitçay Dövlət Təbiət Qoruğu erməni təcavüzkarlarının işğalı altındadır.