İlk yardım çantası – First aid kit

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Harda və hansı şəraitdə başımıza iş gələcəyi məlum deyil. İnsan həyatını xilas etməyə hər kəs hər zaman hazır olmalıdır. Bəzən ölümün belə qarşısını almaq mümkündür. Amma necə?

Son zamanlar qəzalarda xəsarət alan, ölən insanların xəbərini eşitmək bizim üçün adi hal alıb. Çoxları buna “Alın yazısıdır”, “Əcəli elə burda çatıbmış” deyərək yan keçir. Əslində isə belə deyil. Vaxtında insana ilkin yardımın göstərilməsi ona yenidən həyatı, yaşamağı qazandıra bilər. Bunu etmək üçün hər bir evdə, maşında, iş yerində tibb qutusunun olması yaşamaq qədər vacibdir.

İlk yardım çantası nədir və necə olmalıdır?

İlk yardım çantalarında hər hansı bir qəza baş verəndə zərərçəkənə ilkin köməyi göstərmək üçün lazım olan vasitələr və preparatlar olmalıdır. Bu çanta evdə, maşında, səyahətdə, iş yerində, məktəbdə və s. məkanlarda insanların köməyinə çatacağı düşünülərək hazırlanır. Çanta zərbəyə davamlı, toz və nəmişlik keçirməyən materialdan hazırlanmalı və asan daşına bilmək üçün tutacağı olmalıdır. Üzərində Qızıl Ayparanın olması mütləq vacibdir.

İlk yardım çantalarına zamanı gəldikcə nəzarət edilməli və çatışmayanlar alınmalıdır. Vaxtı keçmiş dərmanlar atılmalı, əvəzinə yenisi qoyulmalıdır. Çantanın ağzını qıfıllamaq lazım deyil, çünki bəzi hallarda onu açmaq çətin ola bilər. Təbii ki, hər bir preparatdan düşüncəli şəkildə istifadə edilməlidir, əks halda zərərçəkənə kömək etməkdən çox zərər verə bilərsiniz.

Tibb çantaları daima sizin asanlıqla götürə biləcəyiniz bir yerdə olmalıdır. Uşaqların istifadə edə bilməyəcəyi bir yüksəklikdə qoyulmalıdır.

İlk yardım çantaları məqsədə və istifadə ediləcəyi məkana görə hazırlanır və müxtəlif adları vardır. Məsələn, fərdi tibb çantası, nəqliyyat, səyahət üçün hazırlanmış tibb çantası. Geniş bir sahədə, çölçülükdə işləyən meşəbəyinin çantasında mütləq ilan və həşəratların zəhərinə qarşı preparatlar, ağrıkəsiciliər, antibiotiklər olmalıdır.

Fərdi tibb çantası, eləcə də ev üçün nəzərdə tutulmuş çanta iş yerində, məktəbdə kçik qəzalar zamanı insanlara kömək edəcək preparatlarla təchiz edilməlidir. Çantanı hazırlayan şəxs özünün də ehtiyac duyduğu preparatları mütləq bura daxil etməlidir. Xroniki xəstəlikləri olan şəxslər xüsusilə diqqətli olmalı və tez-tez ehtiyacı olan dərmanları özlərilə götürməlidirlər.

Ümümilikdə fərdi tibb çantalarında aşağıdakı vasitələr olmalıdır:

– Plastır (yara bandı), steril qablaşdırılmış bezlər, salfetlər
– Qrelka, hazır sarğılar
– Müxtəlif ölçülərdə üçbucaq və rulon sarğılar
– Qayçı, pinset, şpris, plastik buz torbası
– Sancaq, pambıq paketi, termometr
– Qələm, qeyd dəftəri, əl fənəri
– Antiseptik preparatlar, ağrıkəsicilər, antibiotiklər, yanıqlara qarşı maz, vazelin
– Naşatır spirti, spirt, yod, hidrogen-peroksid, insanı ayıldan maddələr
– İlk yardım kitabçası

Lakin unutmayın ki, iş yerlərində ilk yardım qutularında dərman preparatlarının yerləşdirilməsi müəyyən problemlərə yol aça bilər. Ona görə də, iş yerlərində qanunun tələbinə uyğun təyin olunmuş həkimin olması vacibdir. Bu cür olduğu halda, ilk yardım qutularında dərmanlar istisna olmaqla digər vasitələr yerləşdirilməlidir. Bu vasitələrdən düzgün istifadə üzrə işçilərə təlim keçirilməlidir. İş yerlərində işçilərin özləri ilə dərman preparatları gətirilməsinin qadağan olunması məqsədəuyğun olardı. Ya da, işçilərin özləri ilə gətirdikləri dərmanları iş yerində olan həkimə göstərmələri, onların qeydiyyata alınması və həkimin müvafiq məsləhətlər verməsi tələb kimi qoyula bilər.

Səyahətə gedənlərin çantasında nələr olmalıdır?

Qarşıdan isti yay ayları gəlir. Çoxumuz bu qızmar günləri dağ rayonlarında, kəndlərdə və meşələrdə tikilmiş kurort-turizm mərkəzlərində keçiricəyik.Yaz-yay fəsli həm də zəhərli cücülərin, həşəratların qaynaşan vaxtıdır. Gül-çiçək dolu çəmənlərin üstündə gəzmək, ağaclardan meyvə dərmək zövqü bəzi hallarda zəhərli böcəklərin sancması ilə bitə bilər.

Xoşagəlməz hallardan qorunmaq üçün səyahətə gedən şəxslər tibb çantalarında mütləq antiseptik preparatlar və antibiotiklər, həşəratqovucu mazlar, cücü, ilan sancmasına qarşı dərmanlar, plastır, sarğı, sancaq, şpris, ağrıkəsici və keyləşdirici iynələr, əl fənəri, pambıq, spirt, yod, hidrogen peroksid, naşatır spirti və s. götürməlidirlər.

Avtomobildə tibb çantasının olması həyat qurtara bilər

Tibb çantaları həm də nəqliyyat üçün hazırlanır. Hər gün onlarla yol qəzası baş verir. Son zamanlarda yol qəzası nəticəsində həyatını itirənlərin sayı sürətlə artmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının 20-30 faizinin əsas səbəbi ilk tibbi yardımın doğru göstərilməməsi, avtomaşınlarda tibb çantasının olmadığından zərərçəkmiş şəxslərə digər insanların vaxtında yardım edə bilməməsindən irəli gəlir.

Kim bilir, bəlkə də həmin an qəzaya düşmüş şəxsə xəstəxanaya çatdırılana qədər ilkin tibbi yardım vaxtında göstərilsəydi bu adamın həyati təhlükəsi sovuşardı. Və ya elə hal ola bilər ki, siz tibb qutusundakı ləvazimatlarla öz yaranızı sarımaqla kifayətlənə bilərsiz. Heç kəs qəzalardan sığortalanmayıb. Ona görə də, insanlar olduğu yerdən asılı olmayaraq kimlərəsə kömək etməyə hazırlıqlı olmalıdırlar. Xüsusilə hər bir nəqliyyat vasitəsində ilkin tibbi yardım göstərmək üçün tibb qutusu olmalıdır.

Eyni zamanda sürücülər, eləcə də digər insanlar ilkin tibbi yardım haqqında bəzi bilgilərə sahib olmalıdırlar. Buna baxmayaraq sürücülərin əksər hisəsinin, eləcə də vətəndaşların ilk tibbi yardım haqda məlumatları belə yoxdur.

Nəqliyyat üçün hazırlanmış tibb çantasında qol və qıç nahiyələrindəki qanaxmaları kəsmək üçün hörgülü bant, sterilə edilmiş tənzif, pambıq, yod, spirt, naşatır spirti, şpris, ağrıkəsici iynələr, müxtəlif ölçülü sarğı bezləri, plastır, qayçı və s.olmalıdır. Bəs bu vəsaitlərdən necə istifadə edilməlidir? Bəzilərinin izahını verək:

Steril tənzif: Ümumiyyətlə 30 x 50 sm ölçüsündə hörgülü, incə məsaməli və pambıqdan hazırlanmış steril xüsusiyyətli vəsaitdir. Qanlı və ya yaralı hissənin üzərinə qoyularaq istifadə edilir. İlk yardım çantasında ən az 5 ədəd saxlanılır.

İp-Böyük sarğı bezi: 10 sm enində, 3-5 metr boyundadır. Yara üzərindəki tənzifin yerində durmasına və qırıqların sarılmasında istifadə edilir. Çantada 2 ədəd saxlanılması lazımdır.

Hidrofil pambıq: Sarğı vəsaiti olaraq yaranın üzərinə qoyulmuş tənzifin üstünə qoyularaq istifadə edilir. Tənzifin üstünü tutar və sızan qanın axmasını önləyir. İlk yardım çantasında olması zəruridir.

Plastır (yara bandı): Bir səthi yapışqan bantdır. Yara üzərinə qoyulan tənzifin yerində qalmasını və sarğı bezinin açılmasını önləmək üçün istifadə edilir.

Qayçı: Yaralının geyimini kəsmək üçün istifadə edilir. Qayçı paslanmayan poladdan olmalıdır.

Üçbucaq sarğı: Kənarları bərabər üçbucaq formasında hazırlanmış sarğı bezidir.
Tibb qutusunda olan vəsaitlərin istifadə tarixinin keçməməsinə nəzarət etmək, köhnələri yenilərlə əvəz etmək lazımdır.

Hər ölkədə olduğu kimi Azərbaycanda da bütün nəqliyyat vasitələrinin içində tibb qutusunun olması qanunla tənzimlənir. Avtomobil texniki baxışdan keçirilərkən diqqət ediləsi əsas məqamlardan biri də tibb qutusunun olması, tibb çantasının tərkibidir. Buna baxmayaraq, nəqliyyat vasitələrində tibb çantasına çox nadir hallarda rast gəlinir.

Hər an bir həyatı xilas etmək üçün bizə qanun və ya cərimə tətbiq olunmalıdırmı? Axı kiçik bir qutu kiminsə evinə sevinc, xoşbəxtlik bəxş edə bilər. Bunu etmək o qədər də çətin deyil. Sizdən tələb olunan avtomobilinizdə kiçik bir çantanın olmasıdır. İndi elə bir əsrdə yaşayırıq ki, hər şeyi hazır şəkildə əldə etmək mümkündür.

Sadəcə 3-5 manatınızdan keçmək üçün bir az cəsarət lazımdır.