Civə dağılması zamanı nə etməli?

31 August 2020
Views:

Civə termometri hər birimizin evində var. Bu ölçü cihazı çox kövrəkdir və ehtiyatsız davrandıqda tez sınması mümükündür və hətta dağılan iki qram civə insan üçün təhlükəli ola bilər. Termometr sındıqda dağılan zərərli metal olan civə ilə zəhərlənməmək üçün nə etmək lazımdır?

Termometr sındıqda əsas təhlükəni məhz civə buxarı yaradır, xüsusən də, uşaq və hamilə qadınlar üçün. Civə yüksək dərəcə zəhərli və təhlükəli maddədir, onun buxarı kəskin zəhərlənməyə səbəb olur. Civə artıq otaq temperaturunda 18°С dərəcədə dərhal buxarlanmağa başlayır. Hətta az miqdarla uzun müddət təmasda olduqda baş ağrıları, süstlük, baş gicəllənmə, sinir sisteminin pozulması, nəfəs yollarının xəstəlikləri və s. ilə müşayiət olunan xronik zəhərlənmə əmələ gəlir. Civənin orqanizmdən çıxarılması uzun müddət tələb edir və bu, əsasən, böyrəklər vasitəsi ilə baş verir.

Civə ilə zəhərlənmənin əlamətləri
Civə buxarı ilə kəskin zəhərlənmənin ilk əlamətləri 8-24 saatdan sonra müşahidə edilir. Bunlar:
o zəiflik;
o iştahanın olmaması;
o baş ağrısı; o udqunan zaman ağrı;
o ağızda metal dadı; o ağız suyunun axması;
o damaqların şişməsi və qan axması; o ürək bulanması və qusma;
o qarında ağrılar;
o diareya.

Civə termometri sınıbsa:
1. Təmiz hava axınını və otaqda temperaturun düşməsini təmin etmək üçün pəncərələri açın (otaq nə qədər isti olsa, civə bir o qədər sürətlə buxarlanır). Lakin fikir verin ki, yelçəkən yaranmasın, yoxsa buxar hava cərəyanı ilə daha çox sahəyə yayıla bilər.
2. Cihaz sınan otağa insanların və heyvanların girişini məhdudlaşdırın.
3. Rezin əlcəkdə və üzdə tənzif sarğı ilə suda bir qədər isladılmış qəzetlə dağılan civəni yığın. Lap xırda hissəcikləri skoç və ya yapışqan lentlə (leykoplastır) yığmaq olar.
4. Yığılan civəni su ilə doldurulmuş bankaya yerləşdirin və ağzını kip bağlayın. Su civənin buxarlanmasının qarşısını alır. Bankanı zibilliyə atmayın, içindəki suyu kanalizasiyaya axıtmayın və ya çölə tökməyin! Ətraf mühiti çirklətməyin! Bir termometrdə olan 2 qram civə 6 000 m3 havanı çirklədə bilər.
5. Sanitariya-epidemioloji mərkəzinə zəng vurub civəni hara təhvil verəcəyinizi öyrənin. Civənin hamısının yığılmasında əmin deyilsinizsə, müayinə üçün mütəxəssisləri çağıra bilərsiniz. Onlar xüsusi cihazla havada civə miqdarını ölçəcəklər, lazımı tədbirləri yerinə yetirəcəklər.
6. Fırça və ya pulverizator ilə civə dağılan yeri marqan məhlulu ilə təmizləyin, təxmini bir saat saxlayın, sonra sabunlu-sodalı məhlulla yuyun (40 q təsərrüfat sabunu və 50 q qida sodasını bir litr suda qarışdırın).
7. Gün ərzində otağa girməməyə çalışın. Sonra döşəməni su ilə yumaq olar. Civə hissəcikləri xalçanın üzərinə düşübsə, onu bükün, çölə çıxardıb sərin, civə hissəcikləri yer düşməsin deyə altına polietilen paket sərib yavaş çırpın və havalandırın.
8. Civəni yığdıqdan sonra ağzınızı zəif marqan məhlulu ilə yaxalayın, 2-3 həb aktivləşdirilmiş kömür qəbul edin – bu toksinlərin orqanizmə təsirini azaldacaq.
9. 10 gün ərzində gündə üç dəfə 10 dəqiqəlik otağı havalandırın ki, civə buxarı tamamilə təmizlənsin.

Nə etmək olmaz:
o Civəni süpürgə ilə yığmaq. Onun çubuqları metal kürəciyini xırda hissəciklərə parçalayır, onları yığmaq isə çətin olur.
o Civəni tozsoranla yığmaq. Tozsoran işlədikdə isinir, bu isə civənin buxarlanmasını sürətləndirir. Bundan əlavə, zərərli metal tozsoranın içində qalır və cihazı artıq istifadə etmək olmaz.
o Civəni yığdığınız paltarı yumaq. Bu paltaryuyan maşının zərərli metalla çirklənməsinə səbəb ola bilər. Civə ilə təmasda olan bütün paltar və əşyaları ləğv etmək lazımdır.

Əhəmiyyətli telefon nömrələri
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi:
+994 (012) 421-13-93
+994 (012) 421-80-68
FHN zəng mərkəzi – 112