Balıq alarkən bunlara diqqət edin! – Pay attention when consuming fishes!

31 August 2020
Views:

Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.

– Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;

– Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;

– Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;

– Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz , köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.

– Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;

– Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

– Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.

– Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;

– Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

– Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.

Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.

Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.

Mənbə: Az.Res. Qida Təhlükəsizliyi Agentliyi