Bakıda dəhşətli yol nəqliyyat hadisəsi – 5 ölü, çox sayda yaralı

13 October 2021
Views:

Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bununla bağlı DANX-ın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.

“Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nömrəli “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

 

Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib. Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza “bir tikə çörəyi niyə kəsirsiniz” ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik… Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində dünyasını dəyişən sərnişinlərin yaxınlarına səbir, xəsarət alanlara şəfa diləyirik!” – deyə o qeyd edib.

 

Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 21 nəfər xəsarət alıb.

 

Mənbə: oxu.az