Xırdalanda yaşayış evində partlayış – ÖLƏNLƏR VAR

25 January 2021
Views:

FHN Mətbuat xidmətinin məlumatı

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

YENİLƏNİB.

FHN-in xilasediciləri Xırdalan şəhərində partlayış baş vermiş evin dağıntıları altından ikinci şəxsin cəsədini çıxarıb

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.