TƏHLÜKƏSİZ? Yoxsa TƏHLÜKƏ?

08 January 2021
Views:

 

Bugün səhər paylaşdığımız slaydın cavabı😉
Sosial şəbəkə səhifələrimizdə bu paylaşıma yalnız iki nəfər düzgün cavab verdi.

▪︎ Zaur Abışov

▪︎ Emil Nəcəfov

HAZARD – TƏHLÜKƏ❗
Digər izləyicilərimiz isə əksər insanların gördüyünü gördü.
SAFE – TƏHLÜKƏSİZ.

Dəyərli dostlar, bu slayd hər nə qədər nümayiş, izah məqsədli olsa da və bilik yoxlamaq üçün nəzərdə tutulmasa da, əslində burada böyük bir məna var. Bəzən iş sahəsinə çıxıb yoxlamalar, müşahidələr aparan zaman vizual olaraq kənardan baxıb keçirik, bizə hər şey qaydasında görsənir. Məsələn, qaz balonlarının saxlanıldığı səbət (gas rack) kənardan bizə təhlükəsiz vəziyyətdə görünə bilər. Ancaq, bir az yaxınlaşıb diqqətlə baxsaq bəlkə onun müxtəlif yerlərində kəskin korroziya əlaməti, zədə müşahidə edə bilərik… Və ya… Bəlkə də həmin qaz balonlarından hansınısa ventilindən sızmanı “qoxulaya” bilərik. Müxtəlif misallar göstərmək olar…

Bu səbəbdən, iş sahəsində çalışan zaman və ya yoxlama aparan zaman hər bir şeyi diqqətlə gözdən keçirməli, Allahın bizə verdiyi bütün duyğu orqanlarımızdan istifadə etməliyik. Bəlkə, nasazlığı bildirən bir səs var – eşitmək. Bəlkə – avadanlığın hansısa hissəsində temperatur, titrəyiş artması var – hiss etmək. Bəlkə, kəskin qoxu bizə hansısa təhlükənin mövcudluğunu bildirə bilər – Qoxulamaq. Və s. Biz nə qədər ki, bu şeylərdən (duyğu orqanlarından, qavrayışdan) əziyyət çəkirik, bunlar bizim bir o qədər səhv etməmizə və beləliklə qəzaya səbəb olmağımıza gətirib çıxaracaq.

Ən əsası – təhlükəni tanımalıyıq. Nələrin bizə zərər verə biləcəyini bilməliyik. O “nələr” bizə hansı zərəri verə bilər, bunları bilməliyik. Daxilimizdəki özünü müdafiyə mexanizmi özü işə düşəcək. Ciddi bir tədbir görə bilməsək də, ən azı o işi saxlayıb məsləhət alacayıq.

Unutmayın!

▪︎ hər hansı əşyanın, obyektin, avadanlığın yerləşdiyi yer onu təhlükəyə çevirə bilər

▪︎ Bəzi təhlükələr var ki, onu nə görmək olur, nə qoxulamaq

▪︎ Başqalarına ziyan vurmayan bir şey, sizin üçün zərərli ola bilər.

İş yeri, avadanlıq-alət təhlükəsiz olmalıdır. Tamam. Amma, bəs təhlükəsiz insanı, işçini necə “yaradaq”? Bu günün reallığı həm də bax bu suala cavab tapmağımızı istəyir.

Rüstəm Abdullayev