Sinoptiklərdən xəbərdarlıq: Paytaxtda sulu qar, qar yağacaq, dağlıq və dağətəyi rayonlarda çovğun olacaq

15 February 2021
Views:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, fevralın 17-də axşam və fevralın 18-də yağışın fasilələrlə sulu qara, qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək, fevralın 17-də axşam, 18-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək, fevralın 17-də axşam və fevralın 18-də 0°-yə yaxın olacaq.
Fevralın 17-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq fevralın 19-u səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv, güclü olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 27-32 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, fevralın 17-də çovğun olacağı bildirilir.