Rustam’s story

10 December 2020
Views:

Ön söz

Yəqin ki, çoxunuz mənim kimi fikirləşirdiniz – SƏTƏM işçisinə bir şey olmur, təhlükə ondan yan keçir adətən. Bu insidentdə qədər mən də belə fikirləşirdim. SƏTƏM işçisi olaraq gördüyümüz işlərdəki təhlükə və risklər digər sıravi işçilərin (hansı ki, hündürlükdə işləyir, qaynaq-kəsmə işi yerinə eytirir, qapalı sahəyə daxil olur və s) məruz qaldığı təhlükə vəə risklərdən fərqlidir. Amma, bu o demək deyil ki, təhlükə-riskdən azadıq.

 

Nə baş vermişdi?

2016-cı il. İş yerində ənənəvi  yoxlama aparırdım. Sahəni ümumi müşahidə etdikdən sonra hündürlüyü təxminən  12 metr olan meydançanın altından keçməli idim, yol oradan idi. Ümumiyyətlə, ehtiyyatlı davranan biriyəm. Bilmirəm bu, çalışdığım vəzifədən irəli gəlir, yoxsa təbiətən beləyəm… Misal üçün, evi tərk etməzdən öncə qaz sobasının ventilini bağlayıram. Daha sonra, həmin yerə qayıdıb yenidən əmin olmaq üçün bağladığımı yoxlayıram. Evi tərk edirəm, yenə də rahat olmuram. “Görəsən ventil dəqiq bağlandı?”. Rahat ola bilmirəm…  Bu dəfə də belə oldu. Meydançanın altından keçməzdən öncə dayandım, yuxarı baxdım bir neç saniyə. Əmin olduqdan sonra ki, yuxarıda kimsə yoxdur və hər hansı iş yerinə yetirilmir, hərəkətimə davam etdim.  Hər şey ani oldu. Addımı atmışdım ki, qarşımdan (mənim ilə təxminən 20 sm məsafədə), yuxarıdan nəyinsə düşdüyünü hiss etdim. Bəli, görmədim nə idi. O qədər sürətlə düşdü ki… Mən sadəcə həmin obyektin “küləyini” hiss etdim. Və sonra yerə dəyən həmin obyektin yaratdığı səsdən sanki oyandım. Və gördüm ki, yuxarıdan qarşıma düşən 2 metr uzunluğunda metal ling (lom). Həmin əşyanı gördükdən sonra artıq mənim üçün ömür boyu unutmayacağım bir hadisənin əsası qoyuldu.

 

Xəsarət aldınızmı?

Əslində, aldığım xəsarət ola biləcək ən pis nəticənin yanında “toya getməli idi” (gülür). Hündürlükdən düşən ling yerə dəyərək istiqamətini dəyişmiş (rikaşet) və sol ayağıma zərbə vurmuşdu. Amma, mən şok vəziyyətindəydim. Nəyin baş verdiyini hələ ki, analiz edə bilmirdim. Ayağımdan yüngül qan axır. Ancaq, hər hansı ağrı hiss etmirəm. Gah yerdəki metal parçasına baxıram, gah yuxarıya… Ki, nə baş verib…

 

Maraqlıdır, nə baş vermişdi?

Həmin günü, meydançada bir əməliyyat yerinə yetirilmişdi. Əməliyyat zərurəti olaraq, meydançadakı döşəmələrdən biri çıxarılmışdı. Və hansı ki, bu elə bu cür olmalıdır. Əməliyyat bitdikdən sonra, işçilər həmin döşəməni yerinə qoymuşdular. Lakin tam uyğun formada döşəməni birləşdirmmişdilər. Təxminən 7 sm-lik məsafə qalmışdı iki döşəmə arasında. Normalda, bu məsafə elə qorxulu olmasa da, 5 sm enində olan bir əşya, obyekt, alət oradan yerə düşə bilərdi. İşçilər buna fikir verməmişdilər. Yerinə yetirilən digər əməliyyat zamanı işçilərdən biri lingdən istifadə edib. Daha sonra o lingi yerə qoyub. Və növbəti dəqiqələrdə onu oradan götürmək yaddan çıxmışdı. Hərəkət zamanı ayağı yerdəki lingə toxunmuş, ling iki döşmə arasındakı həmin o 6-7 sm-lik enində olan yerdən düşmüşdü. Hansı ki, həmin vaxt mən də o meydançanın altından keçdim.

 

Sonra nə yaşandı?

Heç bir şey, nə yaşanmalıdır ki? (gülür). Mən yuxarıya baxıram, yuxarıdakı işçi (hansı ki, ayağı lingə toxunub) də mənə. İkimiz də şokdayıq. Bizi şoka salan əslində mümkün potensial nəticə idi. İkimiz də bilirdik ki, o dəmir parçası əslində mənim başıma düşərək ölümümə səbəb ola bilərdi. Bəli, bax hər ikimiz buna görə sadəcə bir-birimizə baxırdıq. İşçiyə baxıram, gözlərini bərəldib, ağlayır. Yaşlı da insandır. Qorxudan danışa da bilmirdi. Özümü toparladım. Qalxdım meydançaya. İşçiyə yaxınlaşdım. Rəngi saralmışdı. Qorxudan, həyəcandan… Digər işçilərin yardımı ilə həmin işçini sakitləşdirməyə çalışdıq, su verdik. Tibb məntəqəsinə yaxınlaşdıq. Həkim həmin işçiyə lazımı yardımı göstərdi. Mənim isə ayağımdan qan axırdı, qoruyucu geyimimin ayaq hissəsi qana bulaşmışdı. Ancaq, o işçinin vəziyyəti elə idi ki, fikirləşdim ki, birinci ona yardım lazımdır. Sakitləşməsinə ehtiyyac var idi. Daha sonra həkim tərəfindən mənə də ilk yardım göstərildi.

 

Sizcə bu qəzaya səbəb nə idi?

Səbəblər çoxdur. Mən desəm ki, səbəb işçinin əl alətini təyin olunmayan yerə qoymasıdır, bu özümüzü aldatmaq olar. Əslində, gördüyümüz ilkin səbəbin arxasında başqa kök sbəblər var idi. Amma, fikrimc buradakı ən əsas səbəb onunla əlaqədar idi ki, çıxarılan döşəmə yerinə qoyularkən məsul şəxs tərəfindən nəzarət olunmamışdı. Və işçilər öz bildikləri kimi bu işi yerinə yetirmişdilər. Əlavə olaraq, döşəmə yerin qoyulduqdan sonra ərazi yoxlanılmamışdı.  Və təbii ki, başqa bir sıra səbəblər də var… Hadisə eyni zamanda iş yerində səliqə-səhman məsələsinin nə dərəcədə önəmli olduğunu göstərdi… İş yerinin dizaynı ilə də bağlı “qaçılmaz” problemlər var idi… Və digər səbəblər.

 

Bu hadisə sizin həyatınızda nə kimi rol oynadı?

Elə gün olmasın ki, bəlkə də mən bu hadisəni xatırlamayım. Yadımdadır, hadisə baş verəndən sonra gəldim otağıma və evə zəng etdim.  Gülərək “Etdiyiniz dualarınız mənə deyəsən kömək oldu” dedim. Həqiqətən, mən həmin günü Yaradanın mənə verdiyi ikinci həyat kimi dəyərləndirirəm. Fikirləşirəm ki, əgər o dəmir parçası o hündürlükdən mənim başıma (baxmayaraq ki, dəbilqə geyinmişdim) və ya çiyin nahiyəmə düşsə idi, yəqin ki, mən bugün burada sizinlə söhbət etmirdim və ya bəlkə də, ömrümün axırına kimi yataq xəstəsi olacaqdım. Hər günümə şükür edirəm. Allahın mənə bəxş etdiyi bu həyata görə ona sonsuz təşəkkürüm var. Bu hadisə həm də məni oyatdı. Həyat ilə ölüm arasındakı zaman fərqini gördüm. Həmin günü mənim həyatım 20-30 sm-lik məsafədən asılı qalmışdı.

Açığı bir tərəfdən də, mən təhlükəsizlikdə tale-qismət deyimlərinə elə də inanmıram. Kimsə iş qəzası nəticəsində həyatını itirir. Deyirlər filankəsin taleyi gətirmədi, qisməti bura qədər imiş. Razı deyiləm. İnandığım odur ki, təhlükəsizlikdə məsuliyyətsizlik, laqeydlik var. Hər şeyi tale-qismətin üzərinə yıxa bilmərik.

Başıma gələn bu hadisəni çalışıram tədris etdiyim hər SƏTƏM təlimində iştirakçılara danışım. İstəyirəm onlar da iş yerində bu məsələdən agah olsunlar. Kimsə yaşamsın, qarşılaşmasın bu cür anlarla.

Hekayənizi bizimlə bölüşdüyünüz üçün təşəkkürlər!

Təşəkkür edirəm.

 

 

Qeyd: Hekayələrdə hər hansı şirkət adı çəkilməsi qadağandır! Bu hekayələr insanların təhlükə və risklərdən agah olması, baş vermiş qəzalardan dərs, nəticə çıxarmaları və təkrar baş verməsinin qarşısını almağa kömək üçün paylaşılır.

Həyat hekayələrinizi bizə danışmaq və insanları maarifləndirmək üçün bizimlə əlaqə saxlayın: info@hse.az