Yüklərin əl ilə daşınması – Manual handling

31 August 2020
Views:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Yüklərin əl ilə daşınması dedikdə, yükün hər hansı bir yerdən əl ilə və ya bədən gücü hesabına aşağı endirilməsi və ya yerdən yuxarı qaldırılması, yükün itələnməsi və ya geri çəkilməsi, yükün bir yerdən digər yerə daşınması fəaliyyətləri başa düşülür.

Əl ilə yüklərin daşınması zamanı baş verə bilən tipik bədbəxt hadisələr:
– yüklərin düşməsi və tayalanmış yüklərin dagılması nəticəsində zədələr, əzilmələr
– konteynerlərin tayalanmasından baş verən mexaniki zədələr, kimyəvi maddələrin sızması və səpilməsindən baş verən zəhərli, toksiki təhlükələr və yangınlar
– ehtiyatsız qaldırma metodları və yüklərin diqqətsiz tayalanması nəticəsində kəsilmələr, yıxılmalar, belin zədələnməsi, əzələ dartılmaları və s.

Yüklərin əl ilə daşınması zamanı aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmalıdır:
– qaldırma zamanı həmişə ayaq və bud əzələlərindən istifadə etmək və beli düz şəkildə saxlamaq
– ağır yük qaldırarkən fırlanmayın və burulmayın
– əyər mümkündürsə vaqonetdən istifadə edin
– əmin olun ki, qaldıracağınız yük sizin bacarığınız çərçivəsindədir və yükün ağırlıq mərkəzi sizə ən yaxın məsafədədir
– yük ağır olduqda köməkdən istifadə edin
– yükü qaldırmamışdan və daşımamışdan əvvəl keçəcəyiniz yolu vizual olaraq yoxlayın
– yükü qaldırarkən bədənin düzgün vəziyyəti çox vacibdir. Bədənin düzgün vəziyyəti qaldırma zamanı belin və əzələlərin zədələnməsi təhlükəsinin qarşısını alacaq.
– bədənin dayanma vəziyyəti: Yükün uzərində hərəkət istiqamətində dayanmaq. Ayaqlar bir qədər aralı və biri digərinin qarşısında. Bu vəziyyət sizə balansı saxlamağa imkan verəcək.
– Bel: beli mümkün gədər düz vəziyyətdə saxlamaq imkan verir ki, ayaqların güclü əzələləri işi görə bilsin onurğa sütununu qorusun.
– Çənə: yükü qaldırmamışdan əvvəl başı bir qədər qaldırın və çənəni yığın. Bu beli şaquli vəziyyətdə saxlamağa kömək edir.
– Tutma: Yükü uygun şəkildə tutun. Əlin ovucu və barmaqları vasitəsi ilə birgə tutun. Heç vaxt yalniz barmaqlar vasitəsi ilə tutub qaldırmayın.
– Qollar: Qolları bədənə mümkün qədər yaxin saxlayın. Bu zaman yükün ağırlığı yalniz qol və əllərə deyil, həm də bir hissəsi bədənə düşür.
– Ayaqlar: Ayaqlar omba eni qədər aralı qoyulmalı və aparıcı ayaq isə hərəkət edəcəyiniz istiqamətə yönəlməlidir.
– Bədən: enerjinizi və əzələlərin gücünü qorumaq üçün bədəninizdən əks-yük kimi istifadə edin.

Qeyd: Yüklərin əl ilə daşınması zamanı ən çox xəsarət alma hallarından biri yükü burularaq daşımağımız və ya burularaq harasa qoymağımız, ya da ki, burularaq kiməsə təqdim etdiyimiz zaman yaranır.

Yüklərin əl ilə daşınması zamanı potensial təhlükələrdən uzaq olmaq və riski minimuma endirmək üçün düzgün şəkildə riklərin qiymətləndirilməsi aparılmalıdır. Bu fəaliyyətlə bağlı riskləri qiymətləndirərkən 4 əsas faktora nəzər yetirmək lazımdır:
1. Tapşırıq – İşin mahiyyəti başa düşülməlidir. İşdən əvvəl supervayzerlər (və ya onları əvəz edən şəxslər) tapşırığı yerinə yetirən işçi heyəti ilə söhbət aparmalı və onları işin mahiyyətini dolğun izah etməlidirlər. İşçilər bilməlidirlər ki, onlar konkret olaraq nə edəcəklər, yükü yuxarı qaldıracaqlarmı və ya aşağı endirəcəklərmi, Yükü daşıyacaqları məsafə çox uzundurmu, tapşırıq onları təkrar eyni hərəkət etməyi tələb edirmi, yükü çiyin səviyyəsindən yuxarı qaldıracaqlarmı və s
2. Yük – Yüklə bağlı riskləri qiymətləndirən zaman yükün çəkisi, forması, ölçüləri nəzər alınmalıdır. İşçilər işdən əvvəl dəqiq müəyyən etməlidirlər ki, onların daşıayacağı yük müəyyən olunmuş normadan artıq deyil, yük çox istidirmi və çox soyuqdurmu, yükün ətrafları itidirmi, yükün forması onları əl ilə daşımağa imkan verirmi, görməni məhdudlaşdırırmı və s.
3. Ətraf mühit amilləri – Bu zaman əl ilə yük daşımanın cəlb olunduğu yerdə ətraf mühit amilləri düzgün qiymətləndirilməlidir. İşçilər müəyyən etməlidirlər ki, onların yükü daşıyacağı yer və ya istiqamətdə işıqlanma, temperatur, hava şəraiti kimi amillər qaydasındadır. Eyni zamanda, həmin ərazi ilişmə, sürüşmə, yıxılma, düşən əşya və digər təhlükələrdən azaddır. İşçilər fikirləşməlidirlər ki, onların yükü daşıyacağı istiqamətdə döngələr varmı, pilləkənlərlə hərəkət edəcəklərmi və s.
4. Fərdi bacarıq – Yüklərin əl ilə daşınması zamanı tapşırıq verilən işçinin şəxsi fiziki, fərdi bacarıqları nəzərə alınmalıdır. Xüsusilə supervayzerlər əmin olmalıdır ki, yerinə yetirilən tapşırıq işçidən qeyri-adi bacarıq tələb etmir və təyin olunmuş işçinin fiziki gücü yükü təhlükəsiz daşımağa imkan verir.

Yüklərin əl ilə daşınması zamanı riskləri minimuma endirmək üçün sadə nəzarət iyerarxiyasından istifadə etmək olar:
1. Əl ilə yük daşımaqdan yayınmaq – təyin olunmuş yükü xüsusi mexaniki vasitələrdən istifadə etməklə işçinin bədən gücünə ehtiyyac olmadan bir yerdən digər yerə qoymaq olar. Misal üçün: yükqaldırıcı kranlar, avtokar, elektrikli pallet arabası və s.
2. Əl ilə yükdaşımadan yayınmağın mümükün olmadığı yerlərdə riskin qiymətləndirilməsi aparılmalıdır (Tapşırıq, Yük, Ətraf mühit, Şəxsi bacarıq)
3. Əl arabalarından istifadə olunması – Lakin unutmayaq ki, yüklərin əl ilə daşınması zamanı müxtəlif tipli əl arabalarından istifadə olunması sizi “Yüklərin əl ilə daşınması” fəaliyyətindən yayındırmır. Sadəcə olaraq, riskləri azaltmaq mümkündür. Misal üçün: 20 kq-lıq kisəni əl ilə daşımaqla, eyni yükü arabanın üzərinə qoyub daşımaq arasında fərqlər çoxdur. Xəsarət alma riskləri ikincidə daha azdır. Lakin, arabanı ən azından itələməyə məcburuq və beləliklə bədən gücündən istifadə edirik.
4. Tapşırığı, yükü və ətraf mühit amillərini daha da optimal varianta çevirmək – Misal üçün: Təkrarlanan əl hərəkətləri ilə bağlı riskləri azaltmaq üçün təyin olunmuş intervallar ilə işçilərə istirahətlər verilə bilər. Yükləri döşəmə səviyyəsindən qaldırmaqla bağlı risklərdən yayınmaq üçün yüklər bədən səviyyəsində olan stolun üzərinə qoyulub tapşırıq o formada yerinə yetirilə bilər. Yükləri komplekt formada daşımaq daha təhlükəli olduğu hallarda, yükü hissələrə bölməklə daşımaq daha məqsədə uyğun olar. İşıqlanmanın səviyyəsini daha da yaxşılaşdırmaqla işçilərin hərəkətini daha da təhlükəsiz etmək olar və s.
5. Şəxsi bacarığın tapşırığa uyğun olduğuna əmin olmaq – yüklərin əl ilə daşınması zamanı yeni, gənc, təcrübəsiz, əlilliyi olan işçilər, hamilə qadınlar nzərə alınmalıdır. Ümumilikdə, əvvəldə də qeyd etdiyimiz kimi, tapşırıq təyin olunan işçinin şəxsi fiziki bacarıqlarına uyğun olmalıdır. Əks təqdirdə həmin işçilərin müxtəlif tipli xəsarətlər alması labüddür.

Yüklərin əl ilə daşınması zamanı (qısa məsafəyə) adam başına düşən yük norması aşağıdakı kimidir:
• Kişilər üçün – 25 kq
• Həddi-buluğa çatmayan (yaşı 16-18) oğlanlar üçün – 15 kq
• Qadınlar üçün – 15 kq
• Həddi-buluğa çatmayan qızlar üçün – 10 kq
Qeyd: Qadınlar və həddi-buluğa çatmayan qızlar üçün yalnız səpələnmiş yüklərin, boş qabların, nazik taxta və tirlər və bu kimi yüngül çəkili yüklərin daşınmasına, yüklənib-boşaldılmasına icazə verilir.

Yuxarıda qeyd olunan normalar yalnız məsafə 60 metr və 3 metr hündürlük üçün nəzərdə tutulub. Əgər yükün daşınacağı məsafə və hündürlük qeyd olunan rəqəmlərdən artıqdırsa, yuxarıda qeyd olunan normalar öz qüvvəsini itirmiş hesab olunur. Bundan başqa, yük daşınan pilləkənlərin və trapların eni 1 metrdən az olmamalı və hər iki tərəfdən məhəccəri olmalıdır.

Yükləmə-boşaltma işləri zamanı əl ilə yükdaşıma fəaliyyətini daha da asanlaşdırmaq üçün əvvəldə də qeyd etdiyimiz kimi müxtəlif tipli əl ilə hərəkət etdirilən və ya elektrik, pnevmatik, hidravlik intiqallı kran və digər qaldırıcı avadanlıqlardan istifadə olunur. Bu avadanlıqlardan istifadə etməzdən əvvəl əmin olmaq lazımdır ki:
– Avadanlıq daşıyacağımız yük üçün uyğundur
– Avadanlıq müvafiq formada sınaq olunub, sınağın nəticəsini göstərən sənədləri, pasportu qaydasındadır
– Avadanlıqdan təhlükəsiz istifadə etmənin qaydalarını özündə əks etdirən təlimatı var
– İşçilər həmin avadanlıqlardan istifadə etmək üçün təlimatlandırılıblar
– Avadanlığın üzərində təhlükəsiz iş yükü açıq, aydın görünən yerdə nümayiş olunub
– Daşıyacağımız yükün çəkisi avadanlığın təyin olunmuş yükgötürmə qabiliyyəti həddini aşmayır
– Qaldırıcı avadanlıqlarda yükün öz-özünə düşməsinin qarşısını alan qurğuları və əyləc sistmei var
– İstifadədə əvvəl avadanlığa baxış keçirilib
– Uyğun FMV (Fərdi Mühafizə Vasitəsi) istifadə olunur

Əl ilə idarə olunan yükdaşıma avadanlıqları ilə bağlı əsas təhlükələr aşağıdakılardır:
• Avadanlığın itələnməsi və ya dartılması zamanı xəsarət alma riskləri
• Avadanlıq üzərinə qoyulmuş yükün nataraz olması və yükün aşması
• Dik yoxuş və eniş zamanı idarəetmənin itirilməsi
• Avadanlığın uyğun olmayan yerdə saxlanması səbəbilə görmənin məhdudlaşdırılması
• Avadanlığın idarəedilməsi zamanı ətrafda olan digər şəxslərin vurulması
• Ayaqların avadanlığın altında qalması

Statistik göstəricilər

• Böyük Britaniyada 2015-2016-ci illərdə qeydə alınmış 1,131,000 işlə əlaqədar xəstəliklərdən 539,000-i işlə əlaqədar əzələ-sümük ağrılarının payına düşür. Bu, ümumi xəstəliklərin 41%-i deməkdir.
• Baş vermiş işlə əlaqədar əzələ-sümük ağrıları səbəbilə qeyd olunan illərdə
təxminən 8,8 milyon iş günü itirilmişdir
• Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, tikinti, nəqliyyat sektorları digər sənayelərə nisbətdə daha çox işlə əlaqədar əzələ-sümük ağrıları xəstəliklərinə səbəb olmuşdur.
Qeyd: İşlə əlaqədar əzələ-sümük ağrıları (WRMSDs) dedikdə – bel, aşağı və yuxarı ətrafların narhatçılığı başa düşülür/
• Katerinq sektorunda qeydə alınmış əl ilə yüklərin daşınması xəsaərtlərinin 60%-i ağır əşyaların qaldırılması səbəbilə baş verir.