Azərbaycan gölləri

31 August 2020
Views:

Azərbaycanda təbiətin bütün gözəllikləri var. Bu baxımdan vətənimizi zəngin təbiət muzeyi adlandırmaq olar. İl boyu zirvəsi qarla örtülü dağlar, yaşıl meşələr, sərin yaylaqlar, təkrarolunmaz gözəlliyə malik göllərlə bol olan Azərbaycan tarixən səyyahların sevə-sevə gəzdikləri bir məkan olub. İndi gəlin birgə Azərbaycan göllərini səyahətə çıxaq.

Qafqaz dağlarının qoynunda yerləşən bu məmləkətdə bir sıra irili-xırdalı göllərə rast gəlmək olar. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur.

Heç şübhəsiz ki, bütün göllərin içərisində şer və mahnılarda dillər əzbəri olan ən məşhur gölümüz Göygöldür. Göygöl Gəncə şəhərindən 25 kilometr məsafədə, dağların və yaşıl meşələrin qoynundadır. Onun yaxınlığında daha 7 göl var ki, onlar da Maralgöl, Zəligöl, Ağgöl, Şamilgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl adlanır. Tarixçilər bu göllərin 1139-cu ildə baş verən Gəncə zəlzələsi zamanı Kəpəz dağının üst hissəsinin uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yarandığını ehtimal edirlər.

Bunlardan ən gözəli və eyni zamanda ən böyüyü Göygöldür. Suyu göz yaşı kimi duru olan Göygöl dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Sahəsi 80 hektar, ən dərin yeri isə 95 metrdir.

Göygöl ətrafında Qafqaz maralı, dağ keçisi, cüyür kimi heyvanlara, sularında nadir balıq növlərindən sayılan qızıl balığa (farel) rast gəlmək olar. Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maralgöl Göygöldən bir az aralıdadır. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsi ilə birləşir.

Qəbələ rayonunun ərazisində yerləşən, dağlarla əhatələnən daha bir gölümüz Nohurgöldür. Göl rayon mərkəzindən 3 kilometr şərqdə, Güllüburun, Göydağ və Yumuru dağının ətəyində, Qəbələ İsmayıllı – Bakı avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir. Bura həm balıqçıların, həm də avarçəkənlərin sevimli istirahət yeridir. Hazırda gölün sahillərində istirahət mərkəzləri fəaliyyət göstərir.

Qəbələ ərazisindəki digər bir göl isə Tufangöl adlanır. Dağlarla əhatə olunmuş bu göl qar və buzlaq suları ilə qidalandığından suyu şirindir. Tufangölün uzunluğu 160 metr, eni 125 metr, dərinliyi isə 5 metrdən çoxdur.

Azərbaycanın qədim diyarı olan Naxçıvan da göllərlə zəngindi. Onlardan ən məşhuru yaşıllıqlar içində olan Batabat gölüdür. Uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal olunan bu göl Naxçıvan şəhərindən 62 kilometr şimal-şərqdə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir. Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz yerini dəyişir.

Bundan başqa Naxçıvanda Qanlıgöl, Salvartıgöl kimi təbii göllər də turistlər arasında olduqca məşhurdur. Böyük Alagöl Qarabağ yaylasında, ermənilərin işğalı altında olan Kəlbəcər rayonunun ərazisində yerləşir. Dəniz səviyyəsindən 2729 metr hündürlükdə olan bu gölün sahəsi 5 kvadrat kilometrə yaxın, ən dərin yeri isə 9 metrdir.

Azərbaycanın nadir flora və faunaya sahib göllərindən biri də Ağgöldür. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən bu göldə adları “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan xeyli sayda quş növləri var.