“Günəşli”nin qara günü – 10 saylı platformadakı faciyənin il dönümü

10 December 2020
Views:

Bugün, həmin qəzadan 5 il ötür.

30 nəfərə yaxın itirilmiş həyat.

Təəssüf ki, mən qəza haqqında geniş araşdırma materiallarına sahib deyiləm, internetdə olduqca çox az və qəzanı analiz etmək üçün kifayət etməyən məlumat var. Çox güman ki, detallı şəkildə araşdırma aparılıb, ancaq ola bilsin o məlumata hələ ki, çıxışımız yoxdur. Ya da, elə olan məlumat budur… Mən, tapa bilmədim ətraflı məlumatı. Bu səbəbdən dəqiq fikir yürütmək çox çətindir.

İnternetdə yazılan məhdud informasiyaya əsaslanaraq:

▪︎Küləkli və güclü dalğalı hava şəraiti

▪︎110 atmosfer təzyiqli sualtı qaz xəttinin zədələnməsi

▪︎Partlayış və yanğın

▪︎Xilasedici qayıqlarla təxliyyə

▪︎Külək və dalğanın təsirindən qayığın özülə çırpılması (və ya qırılması), suya düşməsi

▪︎Külək və hündür dalğa, alov nəticəsində yüksək temperatur səbəbindən xilasetmə işlərinin vaxtında yerinə yetirilə bilinməməsi

▪︎Digər qayıqdakı insanlar xilas edilib

No alt text provided for this image

Bunlardan yola çıxıb belə bir fikir yürütmək olar:

▪︎Bütün idarələrə hava proqnozu göndərilir. Hətta elə olur ki, qəfil havanın pisləşəcəyi ilə bağlı gecə də məlumat daxil olur. Bu qəzanın timsalında, sual oluna bilər – proqnoz verilmişdi mi? Proqnoz aidiyyatı formada iş yerinə çatdırılmışdı mı? “Neft Qaz Çıxarma Sənayesində Təhlükəsizlik Qaydaları”a əsasən küləyin sürəti 29 m/s və daha çox olduqda bütün işlər dayandırılır. Sual -10 saylı özüldə işlər dayandırılmışdı mı?

▪︎Yeraltı qaz xəttlərinə texniki xidmət vaxtlı-vaxtında aparılırmı? Su altında onların mühafizəsi mümkün risklərə (güclü dalğa və s) qarşı nəzərə alınmışdı mı?

▪︎Quyuağzı qoruyucu avadanlıqlar var idi mi? İşə düşüb mü? Çünki, rəsmilərdən birinin bəyanatında qeyd olunurdu ki, baş verən yanğın quyulardan birində quyuağzı avadanlıq bağlana bilinmədiyinə görə o quyuya keçib

▪︎Platformada avtomatik və manual yanğından mühafizə sistemi var idi mi? İşə düşdü? İşə salındı? Platformada yaşayış bloku və digər daha önəmli obyektlər yanğından nə dərəcədə mühafizə olunurdu? Təxliyyə zamanı yüksək temperatur, tüstü və s-dən müvəqqəti qorunmaq üçün sığınacaq var idi mi? Qərar vermə səlahiyyəti olan şəxslər fövqəladə hallara nə dərəcədə hazırlıqlı, təlimli idilər?

▪︎Xilasedici qayıqların yerləşdirilməsi standarta uyğun idi? Qayıqların yerləşdirilməsi zamanı normalda həmin ərazidəki hakim hava şəraiti nəzərə alınır və ehtiyyat digər istiqamətdə qayıq yerləşdirilir. Bu qəzanın timsalında qayıqların suya endirilə bilinməməsi səbəblərindən biri məhz küləyin istiqaməti idi. Külək imkan vermirdi. Həm də, hətta endirilsə idi belə dalğalar onu çırpacaqdı özülün dayaqlarına.

▪︎Normalda, müasir xilasedici gəmilər platforma ətrafında reyddə olur. Bu təmin olunmuşdu mu?

▪︎Platformadakı işçi sayı nə qədər idi? Hava şəraiti nəzərə alınmaqla onlar əvvəlcədən təxliyyə oluna bilərdilərmi?

2013, "Bulla" yatağında platformada baş verən qəzadan görüntü

Yoldaşlar, əslində bu qəzaya qədər bir sıra “ÖYRƏNİLMİŞ DƏRSLƏR” var idi. Qəzadan əvvəl Nərimanneft NQÇİ-də baş verən qəza (estekadanın uçması, yanğın və 4 nəfərin həlak olması), Bulla yatağında platformadakı yanğın (2013, hamı xilas edilmişdi), yanğın 2-3 ay davam etmişdi… Yəni, qəza sanki “gəlirəm” deyirdi.

Vurğulamalı olduğum bəzi məqamlar var:

▪︎Şahidlərin sözlərinə görə tufan xəbərdarlığı olub. Verilən məlumatda küləyin serətinin 30 m/s əvəzinə, 40 metrə çatıb.

▪︎Bu tip külək əsasən 5-10 saat müşahidə olunub əvvəllər, ancaq bu dəfə 27 saata qədər davam edib.

Qəzalar özlüyündə yaxşı bir şey deyil təbii ki. Ancaq, nə xoş o kəslərin halına ki, baş verənlərdən dərs alır, lazımı tədbirlər görür. Bu səbəbdən, baş verən qəzalar ətraflı araşdırılmalı, kök səbəblər müəyyən olunmalı, önləyici və tənzimləyici tədbirlər görülməlidir.

“Neftçi dənizdə işləməyin çətinliklərini gözə alıb gedir ora”…

“Əgər, dənizdə işləmək asan olsaydı, hamı orada işləyərdi”…

Bu cümlələr çox ağrılı, düşündürücüdür.

No alt text provided for this image

Qeyd etməliyəm ki, 10 saylı platformada baş verən bu qəza 1949-cu ildən bu yana Xəzər dənizində ən böyük, nəticələri ciddi olan bir qəza idi.

Qəzadan sonra insanları düşündürən başqa bir sual var idi – ƏGƏR HƏR KƏS QAYIQLARA MİNMƏSƏ İDİ VƏ ÖZÜLDƏ QALSA İDİ, BƏLKƏ DƏ ƏKSƏRİYYƏTİ XİLAS ETMƏK OLARDI. Çünki, özülü tərk etməyən 3 nəfər sağ qala bilmişdi. Ancaq istənilən halda, hamımız bunu dərk etməliyik ki, fövqəladə vəziyyət zamanı qərar vermək asan olmur, sənin çox az vaxtın olur bunun üçün.

10 saylı platformada baş verən qəza nəticəsində həlak olan və hələ də cəsədi tapılmayan neftçilər var. Allah hər birinə rəhmət etsin.

həmin gün xilasedici qayıqlardan birində çəkilmiş foto

Hmin günü hadisə şahidlərdən biri xilasedici qayıqda hər kəsin “Allahu Əkbər”, “Lə İləhə İlləllah” deməsini xatırlayırdı. Artıq, hər kəs öləcəyini fikirlşirdi. Hətta bəzi işçilər, ailələrinə xəbər belə etmədilər, istəmədilər ki, ölüm xəbərlərini versinlər…

Özülə çrpılaraq parçalanan qayıqdan görüntü

İşçilərdən bəziləri qayıq parçalarından tutunaraq xilas olunmağı gözləyirdi. Güclü külək, hündür dalğalar, soyuq su. Ümidlər ölürdü…

Bəzən mümkün nəzarət tədbirlərini görməyimizə baxmayaraq qəzalar qalıq risklərdən baş verir. Bu qəza bizə çox şeyi öyrətdi. Təəssüf ki, neftçi yoldaşlarımızın həyatı hesabına…

 

İnanırıq ki, 4 Dekabr 2015 faciyəsindən sonra insanlar dənizdə işləyənlərin maaşını hesablamırlar… Hər dəfə gəmi və ya helikopterlə platformaya gedəndə bu faciyəni xatırlamadan estekadalara, özüllərə baxmamaq olmur. Sakit görünən, amma əslində necə azğın bir dəniz olan Xəzərin bizə qarşı bu münasibəti nədir belə.

No alt text provided for this image

Bugünlərdə qürurlu anları yaşayırıq. Qarabağ yaramız sağalır, Torpaq uğrunda canlar verilir, xalq birlik göstərir, şəhidlərimizi anırıq. Mənə görə iş qəzaları nəticəsində həyatını itirən insanlar da şəhiddirlər. Yaradanın işinə qarışa bilmərəm. Ancaq, niyəsə həmişə belə düşünmüşəm.

Allah bütün şəhidlərimizin ruhunu şad etsin!