• Telefon: +994 50 7367575 / +99470 8975657


Elektrik təhlükəsizliyi - Electrical safety



Elektrik təhlükəsizliyi - Electrical safety


Elektrik təhlükəsizliyi tədbirləri
Elektrik cərəyanının təsirindən ölüm hadısəsi adətən ürək fəaliyyəti və ya tənəffüs fəaliyyətinin dayanması nəticəsində baş verir. Dəyişən cərəyanla statik cərəyan eyni dərəcədə təhlükə yaradır. Elektrik zədələnmələrinə müvafiq sənət sahiblərinə nisbətən (məsələn, elektriklərdə) digər peşə sahiblərində daha az rast gəlinir. Burda təhlükəsizlik qaydalarına əməl edilmənin böyük rolu var. Baş verən hadisələrin 90%-i işin düzgün təşkil olunmaması, 10 %-i isə zərərçəkmişlərin günahı ucbatından baş verir.
Statik cərəyanın təsiri nəticəsində əzələlərdə yığılmalar baş verir. Yaxınlıqda olan gərginliyə toxunan zərərçəkmiş yardım olmadıqda, onu özündən aralaya bilmir. Dəyişən cərəyanın təsiri altında bədən əzələlərində cərəyanın tezliyindən asılı, dövri olaraq qıcolmalar baş verir. Arada olan fasilələrin müddətinin qısa olması cərəyandan aralanmağa imkan vermir.
Elektrik cərəyanı ilə zədələnmə aşağıda göstərilən formalarda olur:
- Elektrik cərəyanının insan bədənindən keçməsi nəticəsində ürək və ya tənəffüs fəaliyyətinin dayanması;
- Elektrik yanıqları;
- Cərəyanın təsiri ilə əzələlərdə baş verən qıcolmalar nəticəsində yaranan mexaniki zədələr;
- Elektrik qövsünün təsirindən korluğun yaranması.
Elektrik cərəyanının təsiri nəticəsində baş verən zədələnmələrin dərəcəsi cərəyanın gücündən və təsir müddətindən asılıdır. İnsan bədəninin müqaviməti ilə cərəyanın təsir gücü tərs mütənasibdir. Müqavimət aşağıda göstərilən faktorların təsiri nəticəsində azalır:
- Yüksək gərginlik;
- Dərinin nəmliyi (əllərin tərləməsi böyük riskdir);
- Oksigenin parsial təzyiqinin aşağı düşməsi: dağlarda, pis küləklənən binalarda insan daha həssas olur;
- Karbon qazının havada miqdarının artması;
- Havanın yüksək hərarəti;
- Laqeydlik, psixoloji olaraq hazırlıqsız olmaq insan orqanizminin özünəməxsusluğu sayəsində insan intellekti orqanizmin müqavimətini idarə edə bilmir.
Metal ötürücülərdən fərqli olaraq insan orqanizminin elektrik müqaviməti başqa təbiətə malikdir. O, müxtəlif daxili və xarici faktorlardan asılıdır. Elektrik cərəyanının təsirindən daha cox mərkəzi sinir sistemi zədələnir. Onun zədələnməsi ürək və tənəffüs sisteminin fəaliyyətini pozur.

Təhlükəli gərginlik, cərəyan və tezliklər
65, 36 və 12 volt gərginlikli cərəyanın təsirindən ölüm hallarının baş verməsinə dair bir sıra misallar var. Bəzən 4 volt gərginlik belə ölüm hadisəsi törədə bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, təhlükəsiz elektrik gərginliyi yoxdur. 100 milliamperdən aşağı cərəyan gücünün təhlükəsiz olması barədə fikirlər yanlışdır. 50 hers tezliyi olan dəyişən cərəyan daha təhlükəlidir.

Elektrik zədələnmələrinin səbəbləri
Elektrik cərəyanı ilə zədələnmələrin səbəblərinə aşağıdakılar aiddir:
- Qalıq gərginlik: elektrik ötürücü xətlər böyük elektrik tutumuna malikdir. Buna görə də xətdən gərginlik kəsildikdə belə müəyyən bir müddət ərzində orda toplanıb qalır. Bu cür xətlərlə təmas elektrik zədələnmələrinə gətirib çıxarır. Təhlükəli elektrik gərginliyi daxilində kondensatorlar olan radioaparatlarda toplana bilər.
- Statik gərginlik-elektrik yükünün izolyasiyalı obyektlərdə toplanması nəticəsində.
- İzolyasiyanın pozulması. Bunun səbəbləri müxtəlif ola bilər: köhnəlmə, keyfiyyətsizlik, iqlimin təsiri, cirklənmə, mexaniki zədələnmə və s.
- Cərəyan ötürücü detalların təsadüfi kontaktı.
- Torpaqla birləşmənin pozulması.
- Qəza nəticəsində qısa qapanma. Məsələn, güclü küləkdən və ya digər səbəblərdən havada olan elektrik xətlərində zədələnmə baş verə bilər. Xəttin yaxınlıqdan keçən radio, telefon xəttinin üzərinə düşməsi zədələnmə törədə bilər.
- Razılaşdırılmamış fəaliyyət.

Məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri
Elektrik ülgüclərinin istifadəsi zamanı elektrik zədələrinin baş verməsinə rast gəlinməyib. Məişət texnikaları arasında paltaryuyan maşınlar daha təhlükəlidir. Onlar nəmişlik olan şəraitdə qurulur və bu maşınların kabelləri birbaşa döşəmədə olur. Elektrik qızdırıcıları çox təhlükəlidir. İstehsalatda daha çox elektrik zədələnmələrinə kənd təsərrüfatı və inşaat sektorunda rast gəlmək olar. Bu isə həmin sahələrdə müvəqqəti istifadə edilən xətlərin çox olması ilə izah edilir.
Elektrik qurğusunu cərəyana birləşdirmədən öncə qurğuya diqqət yetirin. Elektrik açarına yaş əllə toxunmayın. Divara mismar vurmazdan əvvəl əmin olun ki daxildən elektrik xətti keçmir. Diqqət yetirin ki, elektrik acarlarının tamlığı pozulmuş olmasın.
Yüksək gərginlikli elektrik xətlərinin altında gəzmək məsləhət deyil. Bu xətlərin ətrafında olan elektrik sahəsi orqanizmə zərər verə bilər.
Elektrik və rabitə xətləri ilə nəmişlikdə və yağışlı havada işləmək qadağandır.

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

MÜŞAHİDƏ ETDİYİNİZ UYĞUNSUZLUQLARI

BİZƏ BİLDİRİN