• Telefon: +994 50 7367575 / +99470 8975657


Qaz balonları - Gas cylinders



Qaz balonları - Gas cylinders


Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Qaz balonları

Balonların nişanlanması
Bütün balonların üzərinə (ventilin yaxınlığında, balonun çiyninə) daimi və aydın oxuna bilən və aşağıdakıları özündə əks etdirən nişan və ya möhür vurulmalıdır:
• istehsalçının ticarət markası
• zavodun seriya nömrəsi
• boş vəziyyətdə kütlənin hesablanmış kəmiyyəti (tara)
• hazırlanma tarixi (ay, il)
• növbəti yoxlama/sınaq tarixi, əvvəlki (ay, il) ilə yanaşı
• işçi təzyiq (hər kvadrat sm/bar)
• sınaq təzyiqi (hər kvadrat sm/bаr)
• tutum (kub / litr).

Qeyd: Balonların üzərinə vurulmuş hər hansı bir rəqəm və ya nişanı silmək və ya ona dəyişiklik etmək olmaz.

Tərkibini düzgün müəyyənləşdirmək məqsədilə, sıxılmış qaz balonları Milli rəng nişanları sisteminə uyğun surətdə rənglənirlər. Azərbaycan üçün tələb olunan rəng nişanları aşağıdakı kimidir:
- Oksigen - mavi rəng
- Propan - qırmızı
- Asetilen - ağ
- Butan - qırmızı
- Hava - qara (birkasının rəngi - ağ)
- Karbon dioksid CO2 - qara 9birkasının rəngi - sarı)

Qeyd: Qaz balonlarını bu rəng nişanları standartına uyğun şəkildə təyin etmək mümkün olmadığı təqdirdə, onlar qəbul edilməməli və təchizatçıya qaytarılmalıdır. Məlumatın istinad mənbəyi:
“Yüksək təzyiqli qabların quruluşu (iş prinsipi) və onlardan təhlükəsiz istifadə” normativi - Moskva, 1976-cı il


Balonların saxlanma şəraiti və anbarlara olan tələblər
Yanar qaz balonları saxlanılan anbarlar çardaxsız, ara¬kəsməsiz, yüngül tip örtüklü yanmayan konstruksiyalardan ti¬kilməli və birmərtəbəli olmalıdır. Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən ba¬lon¬la¬rı qorumaq şərti ilə onların açıq meydançalarda da saxlanılmasına icazə verilir.

Balonların saxlanıldığı anbarlarda müvafiq yanğınsöndürmə avadanlıqları quraşdırılmalıdır. Ərazinin xüsusiyyətləri və təhlükələrə nəzərə alınmaqla uyğun təhlükəsizlik işarələri ilə təmin olunmalıdır.

Yanar qaz balonları saxlanılan anbarların döşəmələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır. Qrup halında balonların divarla arakəsməsi olmadan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və pəncərəsi olmayan divar) binalarda icazə verilir. Qrup halında balonlar şkaflarda və ya yanmayan materiallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır. Balonların müəyyən edilmiş normadan artıq sıxıl¬mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qadağandır. Yanar qaz balonları (hidrogen, asetilen, propan, etilen və s.) oksigenli balonlardan, sıxılmış hava və digər oksidləşdiricilərdən, həmçinin zəhərli qazlardan ayrı saxlanılmalıdır. Oksigenli balonlar yağlarla və yağlı materialı olan armaturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə daşınması zamanı ventildən tutmaq qadağandır.

Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqlarında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qatılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır. Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır. Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissələrindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olunarsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli, onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Balonların günəş şüalarının birbaşa təsirindən qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.
Qeyd: Yanar qaz balonları saxlanılan anbarların təhlükəsiz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır. Ventilyasiyası nasaz anbarların istismarı qadağandır.

Düzülmə zamanı balonların bir-birindən zərbə al¬ma¬sına, balon qapaqlarının döşəməyə düşməsinə yol verilməməlidir. Yanar qaz balonlarında sızma aşkar olunarsa, həmin balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır. Yanar qaz balonları istilik mənbələrindən 1m-dən az olmayan məsafədə saxlanılmalıdır. Balonlar saxlanılan anbarlardan radiusu 10 m-dən ya¬xın məsafədə yanar materialların saxlanılması və odlu işlərin apa¬rılması qadağandır. Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü 1,5 m artıq olmamalı, bütün ventillər qoruyucu qapaqlarla bağlanmalı və ha¬mısı bir tərəfə yönəldilməlidir.
Yanar qaz balonları saxlanılan anbarlara ayaq¬qa¬bı¬sının altlığına (dabanına) metal mismar və ya nal vurulmuş şəxslərin daxil olması qadağandır.
Başmaqlı yanar qaz balonları anbarlarda şaquli (dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün, onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir. Başmağı olmayan balonlar taxta çərçivələrdə və ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır. Qaz balonları olan anbarlarda digər maddə, material və əşyaların saxlanılması qadağandır. Qaz balonlarının saxlanıldığı anbarlar müətmadi olaraq yoxlanmalı və təmizlik, səliqə-səhman nəzarətdə saxlanılmalıdır.

Ümumilikdə isə, Bütün balonlar sərin, yaxşı ventilyasiya olunan yerdə, yaxşı olar ki, açıq havada saxlanmalıdır. İstifadə olunmadıqda, balonlar zəncirlə və ya başqa üsulla bərkidilməlidir, onların ventillərinin qapaqları yerində olmalıdır.
Balonlar qapalı yerlərdə, məsələn emalatxanalarda, yaşayış yerlərində qapalı yerlərdə saxlanmamalıdır.
Bütün balonlar aşağıdakılardan uzaq saxlanmalıdır:
• birbaşa günəş şüalarından və ya istilik mənbələrindən, məsələn, məşəllərdən
• temperaturun 45*C-dən yuxarı olduğu yerlərdən
• əlverişsiz hava şəraitinə məruz qalan yerlərdən
• mümkün alışma mənbələrindən
• tezalışan materiallardan
• aşındırıcı mayelərdən
• hər hansı yumşaq və ya nəm torpaqla birbaşa kontaktdan, və yaxud su yığıla biləcək hər hansı yerdən (korroziya təhlükəsi)

Alovun təsirinə məruz qalmış balonlar
Qaz balonları alovun təsirinə məruz qaldıqda, məsələn, su səpələyən ucluğun köməyilə onların üzərinə su səpməklə soyutmaq və mümkün olarsa, təhlükəsiz yerə aparmaq lazımdır. Təkrar istifadədən əvvəl belə balonlar yoxlanmaq üçün istehsalçıya qaytarılmalıdır.
Asetilen balonları alovun təsirinə məruz qaldıqda, hadisədən sonra ekzotermik (istilik verən) dağılmanın qarşısını almaq məqsədilə həmin balonları bir neçə saat ərzində davamlı surətdə soyutmaq vacibdir.

Balonlarla rəftar
Balonları kranla qaldırmaq üçün müvafiq beşik və ya buna bənzər vasitədən istifadə olunmalıdır. Qaldırma əməliyyatları zamanı kiçik arabalardan istifadə olunarsa, əmin olmaq lazımdır ki, onların altlığı balonların çəkisini saxlamaq üçün kifayət qədər möhkəmdir.
Balonları aşağıdakılardan istifadə etməklə qaldırmaq olmaz:
• balonların ventillərindən
• zəncir və ya məftil kanatlardan (bu, qaldırma zamanı balonun sürüşməsinə səbəb ola bilər).

İş sahəsində balonları bir yerdən başqa yerə aparmaq üçün məxsusi bu məqsəd üçün nəzərdə tutulmuş arabalardan (şəkilə bax) və ya balonların sabit və etibarlı yerləşdirilməsini təmin edən müvafiq konteynerlərdən istifadə olunmalıdır. Balonları bir yerdən başqa yerə aparmazdan əvvəl bütün ventillər bağlanmalıdır və uyğun araba istifadə edilmirsə, tənzimləyicilər və şlanqlar balonlardan ayrılmalıdır. Balonları bir yerdən digər yerə daşıyan zaman onları yerə salmaq, sürümək, diyirlətmək və yaxud onlardan dayaq kimi istifadə etmək olmaz.


Balonların və qaz şlanqlarının gərginlik altında olan naqillərlə əlaqəyə girməsinə yol vermək olmaz. Oksigen və ya yanar qaz balonları ilə elektrik qaynağı naqilləri arasındakı məsafə 1 metrdən az olmamalıdır.

Oksigen və yanar qaz balonlarına yalnız qaz balonlarının istehsalçısının tövsiyyə etdiyi avtomatik təzyiq tənzimləyiciləri və manometrləri quraşdırılmalıdır. Bu təzyiq tənzimləyiciləri aşağıdakı təhlükəsizlik xüsusiyyətlərinə malikdir:
• arasıkəsilmədən təzyiq vurulması zamanı filtrdən keçmiş qazın təmin olunması
• qapaq tullanıb açılmazdan əvvəl partlayan qoruyucu membranalar
• tullantı qazı yana əyən qoruyucu qapaqları olan manometrlər.

Qeyd: Balon açılmazdan əvvəl tənzimləyicinin üstündəki tənzim oluna bilən vint həmişə açılmaladır.

Axma-sızmaların və mümkün qaz toplanmasının qarşısını almaq məqsədilə, ventilləri və armaturaları son dərəcə təmiz saxlamaq lazımdır və diqqət yetirmək lazımdır ki, onların üzərində heç bir qırıntı parçaları və ya yad cismlər qalmasın. Ventilin birləşmə yerlərində hər hansı bir kipgəcdən istifadə etmək qəti qadağandır. Kipgəc, xüsusilə qurğuşun və ya mis kipgəc, asanlıqla dəliyə daxil olub onu tıxaya bilər.


Qeyd: Bütün oksigen və yanar qaz borularında alovun əks zərbəsini söndürən və qazın verilməsini avtomatik kəsən alışma qoruyucuları quraşdırılmalıdır.
Diqqət: Heç bir halda asetilen üçün nəzərdə tutulmuş şlanqların içərisinə ventilyasiya və ya təmizləmək məqsədilə oksigen vurmaq olmaz. Havada həcmcə 2.5%-dən 80%-dək istənilən nisbətdə asetilen qazı olarsa partlayış baş verə bilər.

Qaz balonlarının nəqliyyat vasitəsilə daşınması
Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş balonlar xüsusi olaraq quraşdırılmış avtomobillərdə daşınmalıdır. Sıxılmış və mayeləşdirilmiş qazla dolu balonların yüklənməsi, boşaldılması və nəqli zamanı son dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə, düşərsə partlaya bilər. Baş verə biləcək partlayışın qarşısını almaq üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan balonlar və başqa balonlar saxlanılmamalıdır. Oksigen balonları yağ və piy olan qablarla bir yerdə olmamalıdır. Oksigen balonlarının saxlanması, yüklənibboşaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması istisna edilməlidir. Oksigen balonlarını yanar qazlar və xlor balonları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar maye tutumları ilə birgə daşımaq qadağandır. Müvafiq rəngə boyanmış balonların üstündə qazın adı yazılmalı, balonların ventillərinin yan ştuserlərinə qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır.

Avtomobili müşayiət edən yükləyicinin sıxılmış qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan av¬tomobillər balonların diametrinə uyğun olan və çökəkləri keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır. Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla, avtomobilin banının (kuzovunun) eninə və onun bortları hündürlüyü hədlərinə qədər yığıla bilər. Avtomobilin banına (kuzovuna) bir cərgədən artıq balonlar yığılarsa, onların bir-birinə toxunmasının qarşısını al¬maq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli) istifadə etmək lazımdır.


Qaz balonlarını, onlar saxlanılan yerdən yüklənən yerə qədər və ya boşaldılan yerdən saxlanılan yerə qədər xüsusi əl arabalarında üfqi vəziyyətdə aparmaq lazımdır. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar olmalıdır. Balonları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud bir-birinə zərbə ilə dəyməsinə yol vermək olmaz.
Qeyd (1): Yanar qazla dolu balonları çiyində aparmaq qəti qadağandır.
Qeyd (2): Ilin isti fəslində (aylarında) balonları günəş şüalarından qorumaq üçün, onların üstünə brezent və ya başqa günəşdən qoruyan material örtmək lazımdır.

MÜŞAHİDƏ ETDİYİNİZ UYĞUNSUZLUQLARI

BİZƏ BİLDİRİN